Restoranlarda qida təhlükəsi: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Digərləri 28 Nis 2025 00:15:00 54 0
Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu. Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?
Bu haberi de oku: Həftənin ilk iş gününün HAVASI: yağış, külək...
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
İkili nəzarət mexanizmləri
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: "Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər".
Zəhərlənmə riskini artıran amillər
Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: "Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır".
Bu restoranlarda zəhərlənmə təhlükəsi aşağıdır
S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: "Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur".
"Yay aylarında qida zəhərlənməsi daha çox olur"