Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir FOTO


Digərləri 11 Eki 2025 12:20:00 70 0

Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir  FOTO

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International" hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Terra Madre Shaki" qastronomiya festivalı keçirilib.

Festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Slow Food International"ın prezidenti Edvard Mukibi çıxış edərək, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən "Terra Madre" qastronomiya festivalının əhəmiyyətindən danışıblar. 

Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə "Slow Food" təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir. 

Vurğulanıb ki, "Slow Food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır. Ümumilikdə "Terra Madre Shaki" festivalı Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş "Slow Food" layihəsinin yeni mərhələsi kimi çıxış edir. 

Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri keçirilib.