III Bakı Təhlükəsizlik Forumu təşkil olunub


Digərləri 22 Eyl 2025 18:21:00 49 0

III Bakı Təhlükəsizlik Forumu təşkil olunub

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bu barədə Son.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.