Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları


Digərləri 29 Tem 2025 03:03:00 93 0

Ailə institutu niyə sıradan çıxır?  Səbəblər və çıxış yolları

"Əgər kasıb ailədə doğulmusansa, bu sənin səhvin deyil, qayınatan kasıbdırsa, bu sənin səhvindir. Bu və buna bənzər düşüncə sahibləri, nə yazıq ki, gəncliyə ailənin müqəddəsliyini təlqin etmir, əksinə ona ailənin məqsəd üçün yalnız bir vasitə olması fikrini aşılayır".

Son.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov ailə institutunun sıradan çıxması səbəblərindən danışakən deyib. 

Sosioloqun sözlərinə görə, dünyanı idarə etmək iddiasında olan dərin güclərin və strateji beyin mərkəzlərinin masasında planetimizin yaxın və uzaq gələcəkdə planlaşdırılan demoqrafik, iqtisadi, sosial və siyasi xəritəsi hazırlanır və daim yenilənir:

"Bu mərkəzlər dünyamızın bütün parametrlərdə öz idarəetmə və biznes maraqlarına uyğun olan yeni nizamını, yeni arxitekturasını qurmağı hədəfləyir və bunun üçün bütün etnik-mədəni, sosial-siyasi arenalarda öncə müvafiq toplumların ictimai şüurunu işğal etməyə çalışırlar. Biz bu prosesin mahiyyətindən çıxış edərək onu neoimperializm və ya neomüstəmləkəçilik adlandıra bilərik. Ancaq bu prosesin necə adlandırılmasından asılı olmayaraq, çağımızda Azərbaycan toplumu da bütövlükdə bu işğalın hədəfindədir. Təbii ki, ona ölümcül zərbə vurulacağını dərk edən bir insan bu zərbədən yayınmağa və ya qorunmağa can atmırsa, azından özünümüdafiə tədbiri görmürsə, belə düşünmək olar ki, o, şüurlu şəkildə bu zərbənin qurbanı olmaq yolunu seçib və öz məhvi ilə barışıb".

Sosioloq bildirib ki, bu tipli işğalların ilk və başlıca hədəfi hər bir toplumun monolitliyini, mübarizliyini, identikliyini, diriliyini və bütövlükdə onun varlığını qoruyub saxlayan mənəvi dəyərləri, milli idealları və soisal-ideoloji institutlarıdır:

"Əgər hansısa toplumda sadaladığımız bu sistemin zərərli xarici həmlələrdən uğurlu müdafiə mexanizmi yoxdursa, həmin toplum da eynən asan və rahat qurbanlığa çevirilmək riski ilə üz-üzə qalır. Bu gün Azərbaycan cəmiyyətinin sosial-mədəni, mənəvi-ideoloji sferasında tüğyan edən, yaxud tipik hal alan hər bir probleminə bu kontekstdən yanaşmaq, zənnimcə, daha məntiqlidir. Biz uzun illərdir milli olanlara biganəlik, xarici olanlara vurğunluq şüurunu topluma özümüz sırıyırıq. Qərb standartlarından danışanda ağzımız köpüklənir, milli dəyərlərdən danışanda sifətimiz turşuyur. Və bu düşüncə qəlibi bizi hiss etdirmədən uçurumun qaşına gətirib çıxarıb. Biz milli identiklik, milli kimlik kontekstində uçurumun başında olduğumuzu dərk etməsək, xilas olmağımız yalnız Allaha qalır. Bu həqiqəti bir el çobanından tutmuş, bir dövlət nazirinədək hər kəs, cəmiyyətin bütün sosial zümrələri cəmi aydınlığı ilə dərk etməsə, bu bəla asanlıqla metastaz verib, toplumumuzun bütün orqanizmini sara bilər".

Asif Bayramov hesab edir ki, günümüzdə sosial-mənəvi sferada Azərbaycan toplumunun ən fundamental problemlərindən biri ideloji ətalət və ideya yoxsulluğudur:

"Belə ki, istər Qərbdən, istər qonşu İrandan, istərsə digər maraqlı aktorlardan Azərbaycan ictimai şüuruna böyük sürətlə həmlə edən təhlükəli düşüncə qəlibi, burada ictimai şüuru fəth etmək üçün ciddi bir ideoloji maneə ilə üzləşmir. Digər tərəfdən, bu şüurun Azərbaycanda cücərməsi və bar verməsi üçün özümüz müvafiq mənəvi, sosial və hətta, bəzən hüquqi baxımdan münbit zəmin yaradırıq".