Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ RƏSMİ
Digərləri 24 Tem 2025 16:17:00 87 0
Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin abituriyentlər arasında geniş yayılmış bir problem var ki, seçilən bəzi xarici universitetlərin diplomları Azərbaycanda tanınmır.
Bu haberi de oku: Tanınmış iş adamı həbsdən buraxıldı
Əsas səbəb isə həmin ali təhsil müəssisələrinin öz ölkələrində rəsmi akkreditasiyaya malik olmamasıdır. Digər hallarda isə universitetin əsas kampusu akkreditə olunsa da, başqa ölkədəki filialı və ya təmsilçiliyi heç bir hüquqi status daşımır. Bu isə məzunların ölkəyə qayıtdıqdan sonra diplomlarının rəsmi tanınmaması ilə nəticələnir.
Bəs bunun üçün nələrə diqqət etmək lazımdır?
Son.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov News24.az-a bildirib ki, xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır, bu da qloballaşan dünyada Azərbaycan gənclərinin fərdi inkişaf və peşəkar rəqabətlilik baxımından öz imkanlarını genişləndirmək istəyi ilə bağlıdır:
"Lakin bu meyil rasional planlaşdırılmadıqda və hüquqi-məntiqi əsaslandırılmadan həyata keçirildikdə, nəticədə diplom tanınmayan, əmək bazarında etibarsız sayılan yüzlərlə təhsil nümunəsi ilə qarşılaşırıq. Təəssüf ki, xaricdə oxuyanların bir hissəsi diplomları ilə Azərbaycanda nə işləyə, nə də təhsillərini davam etdirə bilir. Bu isə həm şəxsi resurs itkisinə, həm də ümumilikdə təhsil siyasətində etimadsızlıq yaradır".
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 38.1-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil müəssisələrinin verdiyi diplomların ölkə ərazisində tanınması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan - Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:
"Bu orqan həmin təhsilin keyfiyyətini, forma və məzmununu, ölkədəki ekvivalentliyini yoxlayaraq tanınma və ya tanınmama qərarı verir. Lakin problem ondadır ki, abituriyentlər xaricdəki təhsil müəssisəsini seçərkən bu mərhələni nəzərə almır, diplomun nostrifikasiyası sonradan düşünülən məsələ kimi qalır".
Əsədov qeyd edib ki, statistikaya əsasən, 2023-cü ildə TKTA-ya xarici diplomların tanınması üçün 10 mindən artıq müraciət daxil olub. Bu müraciətlərin təxminən 21%-i rədd cavabı alıb və ya əlavə ekspertiza tələb olunub. Rədd edilmiş halların əsas səbəbləri sırasında təhsil müddətinin azlığı, distant və ya ekstern təhsil formaları, akkreditasiyasız və qeydiyyatsız ali məktəblər və ixtisas uyğunluğunun olmaması dayanır:
"Bu isə onu göstərir ki, xaricdə təhsil almış şəxslərin mühüm bir qismi əslində ya qeyri-legitim diplom əldə edib, ya da Azərbaycan təhsil sisteminə uyğun olmayan proqramlarda iştirak edib. Dünyada tanınmış ali təhsil sistemləri bu məsələyə ciddi nəzarət mexanizmi ilə yanaşır. Məsələn, Almaniyada yalnız "Hochschule" statusu almış universitetlərin diplomları beynəlxalq aləmdə qəbul olunur. Birləşmiş Krallıqda isə QAA (Quality Assurance Agency) tərəfindən akkreditə olunmamış heç bir proqram rəsmi status daşımır".