100 min sənədsiz evə "kupça" veriləcək Bu sənədlər olsa kifayətdir


Digərləri 24 Tem 2025 10:29:49 102 0

100 min sənədsiz evə "kupça" veriləcək  Bu sənədlər olsa kifayətdir

Prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-ci il tarixli Fərmanı ilə daşınmaz əmlakın qeydiyyatına aid hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib.

Məsələ ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, dəyişikliklər əsasında 100 minə yaxın sənədsiz evin qeydiyyata alınması gözlənilir.

Ən önəmlidəyişiklik yeni tənzimləmələrə uyğun olaraq, yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib.

Daha bir dəyişiklik yerli icra hakimiyyəti başçılarının ərazi üzrə nümayəndəliklərinin torpaqayırma qərarları ilə bağlıdır. Əvvəllər yerli icra hakimiyyəti başçılarının "torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə verdiyi barədə" sərəncamı olmadığı təqdirdə həmin nümayəndəliklər tərəfindən qəbul edilmiş qərarlar hüquqların qeydiyyatı üçün əsas hesab edilmirdi. Fərmanla bu məhdudiyyət aradan qalxıb. Yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar (torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini yerli nümayəndəliklərə verdiyi barədə icra başçısının sərəncamının olub-olmamasından asılı olmayaraq) çıxarış üçün əsas sənədlər siyahısındadır.  

Sovxoz və kolxozlar tərəfindən ayrılmış həyətyanı torpaq sahələrinə dair sənədlərlə yanaşı, (sovxoz əmrləri və kolxoz qərarları) digər kənd təsərrüfatı müəssisələrinin əmrləri də hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əlavə edilib.