Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq 12 illik araşdırma riski üzə çıxardı!


Digərləri 23 Tem 2025 02:02:00 79 0

Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq  12 illik araşdırma riski üzə çıxardı!

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərinin sağlamlıq üçün ciddi risklər daşıdığını ortaya qoyub.

Son.az xəbər verir ki, ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun apardığı 12 illik araşdırma gündəlik makiyaj edən qadınlar arasında böyüklərdə başlayan astma xəstəliyinin yayılma riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib. Araşdırmaya 40 minə yaxın qadın cəlb olunub və nəticələr narahatlıq doğurur.

Məlum olub ki, dodaq boyası, ənlik, göz kölgəsi, saxta dırnaqlar və cuticle kremləri kimi məhsullardan həftədə 5 dəfə və daha çox istifadə edən qadınlarda astma riski 47%-ə qədər artır. Bu məhsullarda olan bəzi kimyəvi maddələrin (paraben, ftalat, PFA və fenollar) immun və hormonal sistemlərə mənfi təsir göstərdiyi ehtimal olunur.

Mütəxəssislər məhsulların tərkibindəki Polifluoroalkil maddələr (PFA), ftalatlar, parabenlər və fenolların uzunmüddətli istifadədə tənəffüs sisteminə zərər verə biləcəyini bildirirlər. Bu maddələr bədəndə toplanaraq xroniki astma simptomlarına yol aça bilər.

Tədqiqatçılar bildirirlər ki, bu məhsullardan istifadə edən və tez-tez öskürək, nəfəs darlığı, hırıltı və döş qəfəsində sıxılma yaşayan qadınlar gecikmədən mütəxəssisə müraciət etməlidir.

Əvvəlki araşdırmalar göstərir ki, hamiləlik dövründə bu kimyəvi maddələrə məruz qalan qadınların uşaqlarında da astma riski yüksəlir. Bu isə yalnız fərdi deyil, nəsillərə təsir edən bir sağlamlıq problemi ilə üz-üzə olduğumuzu göstərir.