İran AEBA baş direktorunun ölkəyə gəlişinə icazə verməyəcək


Digərləri 28 Haz 2025 17:51:00 76 0

İran AEBA baş direktorunun ölkəyə gəlişinə icazə verməyəcək

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin İrana gəlişinə artıq icazə verməyəcək.

Trend-in məlumatına görə, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacı Babayi bu gün Tehranda iranlı hərbçilər və nüvə alimlərinin dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran eyni zamanda agentliyin kameralarının İranın nüvə mərkəzlərində yerləşdirilməsinə icazə verməyəcək. Çünki əldə olunan məlumatlara əsasən İranın nüvə obyektlərinin məlumatları İsrailə ötürülüb.

Qeyd edək ki, 26 iyunda İranın Konstitusiyaya Nəzarət Şurası parlamentin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə qanun layihəsini təsdiqləyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.