Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib


Digərləri 26 Haz 2025 11:28:00 70 0

Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.