Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc


Digərləri 22 Haz 2025 16:50:00 93 0

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Avropada yenilənmiş və ikinci əl ağıllı telefonlara tələbat sürətlə artır. Bu artım, həm istifadəçilərin büdcəsinə müsbət təsir göstərir, həm də elektron tullantıların azalmasına töhfə verərək ətraf mühitə fayda gətirir.

Qaynarinfo xəbər verir ki, Avropa iqtisadi böhranla üzləşdikdən sonra mobil telefonlara münasibətdə köhnə vərdişlərini dəyişməyə başlayıb. Yeni bir bazar araşdırmasına əsasən, istehlakçılar artıq ikinci əl telefonlara daha çox üstünlük verir, əllərindəki köhnə cihazları isə satmaqdan və ya atmaqdan çəkinirlər.

Qitədə yüksək inflyasiya və iqtisadi qeyri-müəyyənlik fonunda sıfır telefon almaq yerinə daha münasib qiymətə, lakin tam funksional işlək vəziyyətdə olan ikinci əl cihazlara yönəlmək meyli artır. Bu da peşəkar şəkildə yoxlanılmış, təmir olunmuş və təmizlənmiş telefonlar - yəni "yenilənmiş" (refurbished) cihazların populyarlığını yüksəldir.

Araşdırma şirkətlərinin məlumatına görə, Avropada ikinci əl telefon bazarı hər il iki rəqəmli faizlə böyüyür. Bu artımın əsas səbəblərindən biri ağıllı telefon texnologiyalarında yenilik sürətinin zəifləməsidir. Artıq yeni modellərlə əvvəlkilər arasında performans baxımından ciddi fərqlər yoxdur. Bu da istifadəçiləri ən son modelə sahib olmaq təzyiqindən azad edir və daha sərfəli əvvəlki modellərə marağı artırır. Eyni zamanda ikinci əl bazarının təklif etdiyi geniş məhsul seçimi, istifadəçilərin ehtiyac və imkanlarına uyğun telefon tapmasını asanlaşdırır.

Bu tendensiyanın yüksəlişi təkcə istehlakçılar üçün maliyyə baxımından faydalı deyil, həm də ekologiyaya müsbət təsir göstərir. Elektron tullantılar bu gün dünyanın qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biridir.