"Zapravka"lar maşınların ömrünü necə "yeyir"? "Biraz da vurum, 70 manat olsun..."


Digərləri 19 Haz 2025 15:12:00 69 0

"Zapravka"lar maşınların ömrünü necə "yeyir"?  "Biraz da vurum, 70 manat olsun..."

Azərbaycanda yanacaq doldurma məntəqələrində yayılmış bir vərdiş var ki, hansı ki avtomobillər üçün zərərli hesab olunur. Bu avtomobilin benzin çənini tam doldurmaq vərdişidir. Hansı ki, yanacağı ödəniş rahat olsun deyə "klik" səsindən sonra da vurmaq maşının yanacaq sisteminə zərər verir.

Yanacaq doldurarkən tapançanın "klik" səsi gəldikdən sonra çəni bir neçə dəfə daha sıxaraq "bir az da dolsun" deyə davam etmək də yanacaq sisteminə zərər verə bilər. Bu davranış nəticəsində çənin hava boşluğu dolur və EVAP sistemi (yanacaq buxarlarını idarə edən sistem) sıradan çıxa bilər. Bu sistemin zədələnməsi isə nəticədə "Check Engine" işığının yanmasına, yolda qalmağa və əlavə xərclərə səbəb ola bilər.

Lakin, yanacağın çəndə az olması da maşın üçün, xüsusən də benzin nasosu üçün təhlükəlidir. Sürücülərin çoxu yanacaq göstəricisi "E" işarəsinə yaxınlaşana qədər avtomobili sürməyə davam edir. Avtomobili daim az yanacaqla sürmək, yəni çən demək olar ki, boş vəziyyətdə olanda, xüsusilə yanacaq nasosu üçün təhlükəlidir. Nasos, çənin içindəki yanacaqla soyuyur. Yanacaq az olanda soyuma zəifləyir və bu, nasosun həddindən artıq isinib sıradan çıxmasına səbəb ola bilər. Bundan əlavə, çənin dibində zamanla toplanan çöküntülər və qalıqlar az yanacaqla işləyərkən nasos tərəfindən çəkilərək filtrləri tıxaya və sistemdə nasazlıqlara yol aça bilər.

Qısa desək, çox az yanacaqla sürmək də, çəni həddindən artıq doldurmaq da avtomobil üçün ziyandır. Ən idealı, yanacaq səviyyəsini həmişə yarıdan aşağı salmamaq və tapança "klik" edəndə doldurmanı dayandırmaqdır.

Bu sadə qaydalara əməl etməklə həm yanacaq sistemini qorumaq, həm də əlavə təmir xərclərindən yayınmaq mümkündür.

İslam Son.az