Qarsda TürkiyəAzərbaycan Regional İqtisadi Forumu keçirilib FOTO


Digərləri 17 Haz 2025 20:22:00 92 0

Qarsda TürkiyəAzərbaycan Regional İqtisadi Forumu keçirilib  FOTO

Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib. Bu məqsədlə bir qrup Azərbaycan iş adamı, o cümlədən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlar və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qars şəhərinə səfər ediblər.

Ölkəmizin Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatasının və KOBİA-nın birgə təşkiatçılığı ilə keçirilən forumda hər iki ölkənin iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznes nümayəndələri ilə yanaşı, Türkiyənin Ardahan, İğdır, Ağrı, Erzurum, Van kimi bölgələrinin ticarət palatalarının, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Forumun məqsədi Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, xüsusilə Naxçıvan Muxtar Respublikasının biznes imkanları barədə Türkiyə iş adamlarını məlumatlandırmaq, eləcə də sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, ikitərəfli ticarətin, o cümlədən sərhədyanı ticarətin təşviq edilməsidir.

Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Qars valisi Ziya Polat, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və KOSGEB-in sədr müavini Selim Serkan Ercan mövzu ətrafında çıxış edərək, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinə dair fikir və təkliflərini bölüşüblər.

Forum çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən hər iki ölkənin biznes və investisiya imkanları, sərhədyanı ticarətə dair potensial barədə təqdimatlar keçirilib, şirkətlər fəaliyyətləri və mümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər.