Peşəkarlar "həvəsləndirildi", dosttanış mükafatlandırıldı Jurnalistlər "Veysəloğlu"na etiraz etdi


Digərləri 13 Haz 2025 10:10:00 96 0

Peşəkarlar "həvəsləndirildi", dosttanış mükafatlandırıldı  Jurnalistlər "Veysəloğlu"na etiraz etdi

"Veysəloğlu" Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə jurnalistlər üçün elan olunmuş müsabiqə yekunlaşıb. Müsabiqənin nəticələri və mükafatlandırma mərasimi isə media ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb.

Dünən keçirilən mükafatlandırma mərasimi zahirən təntənəli görünsə də, tədbirin sonunda bir çox imzası tanınan jurnalist tədbiri məyusluq və narazılıqla tərk edib. İddialara görə, müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub.

Uzun illərdir media sahəsində fəaliyyət göstərən, xüsusilə iqtisadi jurnalistika üzrə ixtisaslaşmış bir çox tanınmış qələm sahiblərinin yazılarının müsabiqənin əsas mükafatlarına layiq görülməməsi birmənalı qarşılanmayıb. Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb.

Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması, bununla yanaşı, illərin peşəkar jurnalistlərinin sadəcə "həvəsləndirici mükafat" və ya simvolik təşəkkürnamə (100 manat məbləğində) ilə kifayətlənməsi haqlı suallar doğurub.