Gənclər sosial təsir üçün yarışdı Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Digərləri 05 Haz 2025 16:00:00 76 0

Gənclər sosial təsir üçün yarışdı  Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə "Sosial təsir üçün Hakaton" ("Hack for social impact") adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir PAŞA Holding-in "Əlaçı" təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib. 

Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.

Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar. Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran "YoldAIq" adlı ağıllı mobil tətbiq layihəsi ilə "SocioSapiens" komandası layiq görülüb. II yeri "Mindsbridge" komandası  məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən "SƏS" platforması ideyası ilə qazanıb. III yeri isə "QayğıBot"- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri  dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə"Thundersbolt" komandası  tutub.