Ronaldonun “anası” azərbaycanlı jurnalist ilə nələr danışdı? FOTO


Digərləri 21 Sen 2022 04:44:00 128 0

Ronaldonun “anası” azərbaycanlı jurnalist ilə nələr danışdı?  FOTO

"Həyatda elə hisslər var ki, onlar sadəcə olaraq yaşanır, izah  olunmur. Bu hissi pul ilə də ala bilməzsən. O qədər xoşbəxtəm ki. Yuxuda mənə desəydilər ki, Ronaldo ilə görüşəcəksən, inanmazdım. Demək ki, bunu Allah yazır. Ronalda ilə birlikdə reklamda çəkildim. Bir telefon markasının reklamı idi. "Sən yetər ki, xəyal et" sloqanı ilə çəkilən reklam idi. Ronaldonu ilk gördüyümdə gözlərimə inanmadım. Gözlərimi bağladım, öz-özümə dedim ki, "mən həqiqətənmi Madriddəyəm?". Həqiqətən də Madriddə idim. Kamera arxasında 80-100 adam var idi. Obrazım rejissor idi. Belə bir səhnəcik var idi, guya Ronaldo reklama çəkilir, həmin reklamın rejissoru mənəm"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında türkiyəli məşhur kənd qadını, aktrisa, ssenarist-yazar Ümmiye Koçak deyib. O daha sonra Ronaldo ilə görüşünün detallarından danışıb.

"Onu qucaqlayanda sanki öz oğlumu qucaqlamış kimi bir hiss var idi içimdə. Çox istiqanlı, səmimi oğlan idi. Mənə "ana" deyə müraciət etdi! Mən də ona oğlum dedim. Kamera arxasında o qədər gözəl şeylər baş verdi ki. Hər dəfə o reklam efirdə göstəriləndə onu bir daha qucaqlamış kimi oluram. Başqa bir layihədə də onunla birlikdə çəkilmək istərdim. Türkiyəyə gəlsə onu Mərsinə qonaq edəcəm. Çəkilişdən sonra hamı fotosunu imzalatmaq üçün növbədə gözləyirdi. Təbii ki, mən də onların dilini bilmirdim. Amma Ronalda ilə bir-birimizi baxışlardan başa düşürdük. Əlimə fotonu götürüb dayandım. Yanına getmək istədim, daha sonra geriyə döndüm. Menecerini mənim yanıma göndərdi, meneceri qolumdan tutub Ronaldonun yanına apardı. Maşallah boyu uzun idi, mən isə qısa boyluyam. Hardasa onun qoltuğundan idim. Hamı bizə baxıb gülüşürdü (gülür). O mənə nəsə deyir, mən də ona nəsə deyirəm. Nə o məni başa düşürdü, nə də mən onu (gülür)" deyə Ümmiye Koçak deyib.   Ümmiyə Koçak daha sonra hazırkı fəaliyyətindən də danışıb.

"Adanada anadan olmuşam. 10 övlad olmuşuq, 6-cısı mən idim. Təhsil almaq istəyirdim, amma məni oxutmadılar. Öz-özümə dedim ki, "eybi yoxdur, mən də kitab oxuyub dünya görüşümü təkmilləşdirərəm, hər şey diplomla deyil ki". Tək xəyalım kənd qadınlarının səsi olmaq idi. Onun üçün də kənd qadınlarından ibarət truppa ilə bir teatr yaratmaq istədim. Yaratdım da. 40 evdən 7 qadın toplaya bildim. O qədər tənqidlərlə qarşılaşdım ki. Heç asan olmadı. Amma önəmli olan istəmək, çalışmaqdır. Biz bu işi qadınlarla bərabər çalışıb, bərabər bacardıq. Bu gün də kənd-kənd gəzib öz yazdığımız teatr tamaşalarını sərgiləyirik. Xəyalının arxasından qaçmaq o qədər də çətin deyil. Bunu hamı bacarar. Çünki böyük bir uğurun ilk toxumu kiçik bir xəyalla atılır. Yetər ki, sən xəyal et" deyə o bildirib.