Dövlət borcumuza baxış: daxili borclanma xarici borclanmanı üstələyir


Digərləri 06 Avq 2022 11:40:00 202 0

Dövlət borcumuza baxış: daxili borclanma xarici borclanmanı üstələyir

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Azərbaycanda xarici dövlət borcunun həcmi dünya üzrə təhlükəsiz hesab olunan orta həddən xeyli aşağıdır. Son illərdə xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə borclanma üzərində yaradılan sərt nəzarət nəticəsində birbaşa xarici borcumuz xeyli azalıb.

Maliyyə Nazirliyinin hesablamalarına əsasən Azərbaycanın dövlət borcu 2023-cü il yanvarın 1-nə 17 milyard 990 milyon manata (təxminən 10,6 milyard dollar) və ya ÜDM-in 15,6 faizinə bərabər. Əvvəllər xəbər verildiyi kimi, 2022-ci il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat (9 milyard 940,6 milyon ABŞ dolları) və ya ÜDM-in 18,2 faizi səviyyəsində qiymətləndirilirdi. Bu isə o deməkdir ki, 2022-ci ildə ölkənin dövlət borcu 6,4 faiz artacaq.

Nazirliyin materiallarına görə, 2023-cü ilə qədər Azərbaycanın xarici borcu 8 milyard 239,3 milyon dollara (14 milyard 6,8 milyon manat), daxili borcu isə 3 milyard 983,2 milyon manata çatacaq. 2022-ci il yanvarın 1-nə xarici borc 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat), daxili borc 3 milyard 68,4 milyon manat təşkil edib. Buradan aydın olur ki, 2022-ci il ərzində xarici borc 1,3 faiz, daxili borc isə 29,8 faiz artacaq. 2022-ci ilin birinci yarısına dair məlumata əsasən altı ayda xarici borc 11,9 faiz, daxili borc 9,1 faiz azalıb. Lakin hökumət ilin sonunadək borclanmanı sürətləndirmək niyyətindədir.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair hesabatında qeyd edilir ki, cari il iyulun 1-i tarixinə ümumi dövlət borcumuz 16.928,5 miyon manat və ya ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu 7.882.3 milyon ABŞ dolları və ya ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə 3.528,5 milyon manat və ya ÜDM-in 3,0 faizini təşkil edib. Həmin tarixə xarici dövlət borcunun 7.167,1 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 10,6 faizini birbaşa xarici dövlət borcu, 715,2 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 1,1 faizini xarici borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edir. Xarici dövlət borcunun 45,2 faizi 10 ilədək, 49,0 faizi 10-20 il ərzində, 5,8 faizi isə 20 ildən artıq müddətə kreditorlara ödənilməlidir. Xarici dövlət borcu üzrə yeni cəlb olunan borc öhdəlikləri 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunur.

İyulun 1-i tarixinə daxili dövlət borcunun 2.789,7 milyon manat həcmində hissəsini və ya ÜDM-in 2,4 faizini birbaşa daxili dövlət borcu, 738,8 milyon manat həcmində hissəsini və ya ÜDM-in 0,6 faizini daxili borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edib. Daxili dövlət borcunun 79,1 faizi daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarından ibarətdir. Hesabat dövründə  dövriyyədə olan dövlət istiqrazlarının 0,8 faizi 1 illik, 73,1 faizi 2-3 illik, 23,6 faizi isə 5-7 illik olub. 2023-cü ilin 1 yanvarınadək daxili dövlət borcunun 81,4 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 3,1 faizi 1 illik, 67,9 faizi 2-3 illik, 29,0 faizi isə 5-7 illik istiqrazların payına düşəcək.

Bu il daxili borclanmanın əsas məqsədi dövlət büdcəsi kəsirinin örtülməsidir. Maliyyə Nazirliyi bildirir ki, 2022-ci il ərzində ümumilikdə 1736,0 milyon manat məbləğində borclanmalardan əldə olunacaq daxilolmalar hesabına dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki,  2022-ci ilin yenidən baxılmış dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artımla 3106,0 milyon manat məbləğində və ya ÜDM-in 2,7 faizi həcmində proqnozlaşdırılır. Kəsirin artımının maliyyələşdirilməsi də daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək.

Onu da qeyd edək ki, Hesablama Palatası hökumətin daxili borclanmanı sürətlə artırmasını düzgün yol hesab etmir. Qurumun 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb. 2021-ci il ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 158,5 milyon manat təşkil edib.