Müdafiə Nazirliyinin bəyanatındakı bir cümləlik xəbərdarlığın


Digərləri 06 Avq 2022 10:28:00 156 0

Müdafiə Nazirliyinin bəyanatındakı bir cümləlik xəbərdarlığın

Azərbaycan Ordusunun avqustun 3-də həyata keçirdiyi "Qisas" əməliyyatı azı 4 erməni terrorçusunun məhvi, 20-yə yaxınının yaralanması və bir neçə strateji yüksəkliyin nəzarətə götürülməsi ilə nəticələndi. Lakin aydındır ki, bu bir lokal əməliyyat idi və davamı gələ də bilər. Ən azı o səbəbə ki, ərazimizdə hələ də silahlı erməni dəstələri qalır.

Son.az "Yeni Müsavat"-a istinadla bildirir ki, avqustun 4-də erməni silahlı birləşmələri tərəfindən yenidən mövqelərimizin ümumilikdə 12 dəfə atəşə tutulması "Qisas"ın davamını zəruri edir. Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Müdafiə Nazirliyinin son məlumatında qeyd olunan "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür" ifadəsi isə bu ehtimalı bir qədər də gücləndirir. Yəni Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunlarının çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərksilah olunmasını tələb edir.

Belə fikir var ki, bu məsələdə Rusiya tərəfi ilə ilkin anlaşma əldə edilib. Başqa sözlə, rəsmi Bakının israrından sonra 4-cü bəndin icrası, yəni erməni hərbi birləşmələrinin çıxarılması bütün ciddiliyi ilə artıq ikitərəfli gündəmə oturub. Həmçinin Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb və hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılıq əldə olunub. Artıq erməni Telegram kanallarında materiallar yayılır ki, Laçın dəhlizi və Laçın şəhəri yaxın günlərdə, hətta 5-6 avqustda Azərbaycana təhvil veriləcək.

Ona görə də əməliyyatın qəfil dayandırılmasının və Rusiyanın baş verənlərə həmişə kimi ermənipərəst mövqedən deyil, sakit reaksiya verməsinin bir səbəbi məhz bu ola bilər. Ancaq Rusiya ilə anlaşma olmadığını qeyd edənlər də var.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın "Yeni Müsavat"a bildirdiyinə görə, Rusiyanın məqsədi məsələni uzatmaq, sülhün əldə edilməsinə mane olmaqdır: "Rusiya istəyir ki, vasitəçilik onun çətiri altında davam etsin. Ona Cənubi Qafqazda xüsusi gərginlik lazım deyil, amma məsələnin həllini də istəmir. Rusiya belə halda Qərbə göstərir ki, nə sülh, hansı sülh, hələ bir-birini qırırlar, mən burada olmasam nələr olar?! Amma bu hadisədə ən vacib detal budur ki, rus hərbçiləri Qarabağda ola-ola biz antiterror əməliyyatı həyata keçirdik. Bu, Rusiyaya daha çox zərbədir. Ona görə kimsə bunun Rusiya ilə razılaşdırılmış oyun olduğunu söyləyirsə, qətiyyən razı deyiləm".

İ.İsmayılın sözlərinə görə, bəziləri deyirlər ki, Laçında şəhid vermişik, bəs niyə oranı vurmadıq: "Amma nəzərə almırlar ki, ruslar Laçında o qədər sıx yerləşib ki, biz oranı vursaydıq, hansısa rusun burnu qanasaydı, o zaman özümüz üçün böyük problem meydana çıxa bilərdi".