İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?


Digərləri 04 Avq 2022 19:10:00 190 0

İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?

Hələ qədim zamanlardan bəri əxlaq və din alimləri əxlaqi mövzularını üç dəstəyə bölmüşdülər: şəhvət, qəzəb və ağıl.

Əxlaq filosofları yunan filosoflarından ilham alaraq deyirlər ki, hər bir şeydə etidala riayət olunduğu kimi, əxlaq mövzularında da ifrat və təfrit etmək olmaz.

Misal üçün, şücaət fəzilətli sifətdir, onun ifrat və təfriti iki rəzil sifətin meydana gəlməsinə səbəb olur. Biri qorxaqlıqdır, biri isə sərtlik və kobudluqdur.

Allahın insan varlığında qərar verdiyi hər bir qüvvənin hikməti vardır. Ona görə də hər biri öz yerində istifadə olunmalıdır. Əgər öz vəzifəsinə görə istifadə olunmazsa, bor yerə xəlq olunmuş kimi olar.

Bəzən insan bir qüvvəsini gücləndirmək üçün o qədər səy göstərir ki, qalan qüvvələri unudar və qəflət edir. Şübhəsiz ki, bu ifrat insana yaraşmaz və əslində, heyvani hisslərinin təsirindəndir. Allah insana ağıl vermişdir.

Aqil insan ancaq qarnını və üst-başını düşünməklə kifayətlənməz, o, başqa ehtiyaclarına da nəzər salar.

Qurani-Kərim insanın rəzil sifətləri olan qəflət, üsyan, cəhalət kimi sifətlərinə çox diqqət edir. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq.

Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).