“Onun kimi aktrisanı yada salmırıqsa, bu, ədalətsizlikdir, düşmənçilikdir...”


Şou-biznes 28 İyn 2022 10:15:00 114 0

“Onun kimi aktrisanı yada salmırıqsa, bu, ədalətsizlikdir, düşmənçilikdir...”

"Çox təəsüflər olsun ki, deməkdən, danışmaqdan yorulmuşam. Nəcibə Məlikova peşəkar teatr aktrisası idi. Sadəcə kinoda aktrisalar, aktyorlar dəvət edilib, kinoya çəkilib gedirlər. Ekranda, tarixdə qalan isə kinodur. O cümlədən də Nəcibə Məlikova "Ögey ana"da, "Əhməd haradadır" və "Aygün" filmlərində möhtəşəm rollar oynayıb. O, peşəkar, səhnə və ekran üçün yararlı bir aktrisa idi, çox yüksək intellektual səviyyəsi var idi, savadlı, ziyalı xanım idi. Yəni o dövr Buzovna camaatı üçün xarakterik olan bütün ziyalılıq o qadında var idi".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Nəcibə Məlikova haqqında danışarkən deyib. Şeyx Əbdül Nəcibə xanımı xatırlamayan aidiyyatı qurumları da sərt tənqid edib:

"Kino qəribə bir sənətdir. Kinoda da, teatrda da səhnə, efir elə bir qəribə şeydir ki, istər-istəməz istedadlı, istedadsız, savadlı və ya savadsız olmaq o saat özünü göstərir. Nəsibə Məlikova və Hökumə Qurbanova kimi aktrisalar həm də yüksək ziyalı aktrisalar idilər. "Əhməd haradadır" filmində Ədil İsgəndərovun rəhbərliyi ilə bir çox səfərlərdə iştirak etmişik. İnanın ki, biz o qadının savadından, söhbətindən doymurduq. Dünya və klassik ədəbiyyatı çox yaxşı bilirdi. 

Bu mənada Azərbaycan Teatr İttifaqı, Azərbaycan Kino İttifaqı Nəcibə Məlikova kimi aktrisanı yada salmırsa, unudursa, haqqında verilişlər çəkmirlərsə, çox acınacaqlı vəziyyətə düşürəm və bir daha mənim yəqinliyim hasil olur. Demək bu gün bu xalqın, dövlətin mədəniyyətə vaxt ayırmağa marağı və həvəsi yoxdur. Buna da əyani sübut Nəcibə Məlikova kimi aktrisalardır. Mənim davam odur ki, milli-mənəvi dəyərlərimizi çökdürmək, onları yaddan çıxarmaq, unutmaq bütövlükdə böyük bir xalqı unutmaqdır və ona xəyanətdir. Bizim bütün möhtəşəm mədəniyyətimiz, əxlaqımız, dəyərlərimiz hamısı tariximiz üstündə qurulub. Ordan parlayıb bu səviyyəyə çatıb və irəli də gedəcək. Ona görə də keçmişə güllə atan, gələcəyə top, tüfəng atır. Bu mənada düşünürəm ki, birinci növbədə Mədəniyyət Nazirliyi Nəcibə xanımı yada salmırsa, onda biz nədən danışırıq ki... Bu mənada bir daha həyəcan təbili çalıram ki, bunlar hamısı millətin tarixinə, kino mədəniyyətinə, əxlaqına, dəyərlərinə qarşı təbliğ olunmuş çox böyük haqsızlıqdır, ədalətsizlikdir və hətta deyərdim ki, düşmənçilik və təxribatdır". 

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək, Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.