Hər yeni ay başlayanda quru sərhədlər yada düşür...


Digərləri 06 İyn 2022 19:00:00 292 0

Hər yeni ay başlayanda quru sərhədlər yada düşür...

Artıq iki ildən artıq müddətdir ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlıdır. Hər yeni ayın başlanğıcı yaxınlaşdıqca ölkənin quru sərhədlərin açılacağına dair söz-söhbətlər, müzakirələr artır.

Elə iyun ayı da istisna deyildi. Son bir neçə ayda ölkədə koronavirusa yeni yoluxma hallarının sayının 20-ə çatmaması da bu cür şayiələri gücləndirirdi. Sərhədin açılacağına dair ehtimalı artıran amillərdən biri də 10-12 iyun tarixlərində Bakıda baş tutacaq Formula 1 üzrə Azərbaycan Qran-Prisi idi. Çünki Bakıda baş tutan yarış daim turistlərin marağında olub. Qran-Pri ölkəyə yenidən turist axının başlaması üçün start ola bilərdi. Lakin gözlənilənlər olmadı. Bu dəfə də Operativ Qərargah quru sərhədlərin açılması barədə qərar vermədi.

Son.az bildirir ki, qafqazinfo məsələ ilə bağlı millət vəkillərinin mövqeyini öyrənib.

Deputat Fazil Mustafa əhalinin hazırkı durumdan əziyyət çəkdiyini və Azərbaycanın quru sərhədlərinin açılması məsələsinin tezliklə həllinin vacib olduğunu bildirib: "Ola bilsin ki, epidemioloji durumla bağlı hansısa problemlər, risklər var. Bəlkə də Operativ Qərargah bu riskləri nəzərə alıb, quru sərhədlərin açılması ilə bağlı qərar vermir. Konkret olaraq sərhədlərin nə səbəbdə bağlı olmasını mən özüm də müəyyənləşdirməkdə çətinlik çəkirəm. Hər halda bu məsələnin həlli vacibdir. Əhali bundan çox əziyyət çəkir. Ona görə biz ümid edək ki, Operativ Qərargah tərəfindən yaxın zamanlarda quru sərhədlərinin açılması barədə qərar qəbul edilər".

Millət vəkili Fəzail Ağamalı isə xatırladıb ki, sərhədlərin açılması barədə qərar Operativ Qərargahın səlahiyyətləri çərçivəsindədir: "Qərargah hər zaman ölkə daxilində və ölkədən kənardakı durum nəzərə alınmaqla bu istiqamətdə qərarlar verir. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı operativ Qərargahın yanaşmasına hörmətlə yanaşmaq lazımdır. Qərargahın müvafiq qərarından sonra yəqin ki, quru sərhədlərin açılması ilə bağlı addımlar atılacaq".