Abdullah ibn Səlamın İslamı qəbul etməsi


Digərləri 22 Yan 2022 21:55:00 164 0

Abdullah ibn Səlamın İslamı qəbul etməsi

Rəvayət edilir ki, Abdullah ibn Səlam Peyğəmbərin Mədinəyə gəldiyini eşitdikdə onun yanına gəlib dedi: "Səndən peyğəmbərlərdən başqa kimsənin bilmədiyi üç şey barəsində soruşmaq istəyirəm. Qiyamət saatının ilk əlaməti nədir? Cənnət əhlinin ilk yediyi yemək nə olacaq? Uşaq hansı səbəbdən atasına oxşayır və hansı səbəbdən dayılarına oxşayır? Peyğəmbər buyurdu: "Az öncə Cəbrail bu haqda mənə xəbər verdi!" Bu adı eşidəndə Abdullah ibn Səlam dedi: "Bu ki yəhudilərin mələklər arasında yeganə düşmən saydığı mələkdir." Peyğəmbər buyurdu: "Qiyamət saatının ilk əlamətinə gəlincə, bu, insanları şərqdən qərbə doğru qovub məhşərə toplayacaq oddur. Cənnət əhlinin ilk yediyi yeməyə gəldikdə isə, bu, balinanın qara ciyərinin ən dadlı hissəsi olacaq. O ki qaldı uşağın oxşarlığına, bil ki, kişi öz zövcəsi ilə yaxınlıq etdikdə onun belindən gələn su qadının köks sümüyündən axan suyu üstələsə uşaq atasına, əks təqdirdə isə anasına oxşayar." Abdullah ibn Səlam dedi: "Mən şahidlik edirəm ki, sən Allahın Rəsulusan!" Sonra davam edib dedi: "Ya Rəsulullah! Həqiqətən, yəhudilər böhtan atan adamlardır. Əgər sən onlardan mənim barəmdə soruşmamışdan əvvəl mənim müsəlman olduğumu bilsələr, elə buradaca mənə iftira yaxacaqlar." Sonra yəhudilər Peyğəmbərin yanına gəldilər və Abdullah ibn Səlam onları görüb evə girdi. Peyğəmbər onlardan soruşdu: "Sizin bu Abdullah ibn Səlam necə adamdır?" Onlar dedilər: "O, bizim ən ağıllımız və ən ağıllımızın oğludur, habelə ən xeyirlimiz və ən xeyirlimizin oğludur." Peyğəmbər dedi: "Abdullah müsəlman olsa, buna sözünüz nə olacaq?" Onlar dedilər: "Belə bir iş görməkdən Allah onu qorusun!" Bu vaxt Abdullah onların qarşısına çıxıb dedi: "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun elçisidir." Bunu eşidəndə yəhudilər: "O, bizim ən pisimiz və ən pisimizin oğludur"- dedilər və onun barəsində artıq-əskik danışdılar." (əl-Buxari, 3329)