İslam dinində saqqal saxlamaq barədə nə deyilir?


Digərləri 15 Yan 2022 21:20:00 173 0

İslam dinində saqqal saxlamaq barədə nə deyilir?

Allahın elçisi Məhəmməd peyğəmbərdən bu məsələ ilə əlaqədar olaraq nəql edilən hədis rəvayətləri belədir:

"İbn Ömər (r. a.) deyir: "Rəsulullah buyurdu ki, bığlarınızı qırxın, saqqallarınızı isə sərbəst buraxın".

Səhiheynin (Səhihi-Buxari və Səhihi-Müslim) bir rəvayətində belə deyilir: "Bu əməllər fitrətdəndir: Qasıqların qırxılıb təmizlənməsi, dırnaqların kəsilməsi və bığların qırxılması".

Başqa bir rəvayətdə isə: "Müşriklərə qarşı müxalif olun, saqqallarınızı uzadın və bığlarınızı kəsin", - deyə buyurulur.

Həzrəti Aişə (r. a.) nəql edir:

"Rəsulullah buyurdu ki, bu on şey fitrətdəndir: Bığı kəsmək, saqqal saxlamaq, misvak, istinsak (buruna su çəkmək), məzməzə (ağıza su çəkmək), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, qasığı qırxmaq, istinca etmək".

Bu hədislərə əsasən alimlərin bəziləri saqqal saxlamağı vacib hesab edirlər. Bəzi alimlər də belə hesab edirlər ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) hamının saqqal saxladığı və saqqalla bığın bir-birinə qarışdığı Ərəb cəmiyyətini bu barədə necə deyərlər, nizamlamaq istəyib. Belə düşünən alimlərin fikrincə bu, dindən deyil, adət-ənənədən irəli gəlir.

Hər iki qrupa daxil olan alimlərin haqlı dəlilləri olduğuna görə peyğəmbərimizin özünün saqqal saxlamasını nəzərə alıb saqqal saxlamağın sünnə (müstəhəb) olduğunu demək də olar. Siz isə hədislərə baxın və öz seçiminizi edin.