İqtisadiyyatımiz dayanıqlı


Digərləri 15 Yan 2022 20:02:00 111 0

İqtisadiyyatımiz dayanıqlı

Pandemiya dövründə dünya iqtisadiyyatında geriləmə, çoxsaylı problemlər müşahidə olundu. 2021-ci ildə dövlətin düzgün və məqsədyönlü iqtisadi strategiyasının uğurla həyata keçirilməsi səbəbindən Azərbaycanın iqtisadi inkişaf dinamikası yüksəldi.

İqtisadi göstəricilərə nəzər salsaq, 2021-ci ildə iqtisadi artımın 5 faizdən çox olduğunu, qeyri-neft iqtisadiyyatının 7,2 faiz, qeyri-neft sənayesi 20 faizə yaxın, qeyri-neft ixracının isə 40 faizdən çox artdığını görərik. Həmçinin valyuta ehtiyatları 2,5 milyard dollar çoxalıb və xarici ticarət balansının saldosu müsbət - 10 milyard dollardan çox olub.

Ötən dövr ərzində milli valyutanın sabitliyi və ölkədə əlverişli investisiya mühiti təmin edilib. Xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulması bunu təsdiq edir.

Həmçinin Azərbaycanın tarixində ən böyük - 30 milyard manat təşkil edən büdcə təsdiq edilib.Bu uğurların əldə olunmasında həyata keçirilən iqtisadi və struktur islahatlarının böyük rolu olub. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığılıb. Biznes sahəsində yeni, şəffaf münasibətlərin, qaydaların tətbiq edilməsi iqtisadi sahədə uğurları daha da sürətləndirib.

Trend-ə açıqlaması zamanı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu. Azərbaycan iqtisadiyyatı ötən il ərzində 5 faizdən çox artdı və ilk aylarda sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzərə alsaq, bu kifayət qədər ciddi bir iqtisadi artım kimi xarakterizə olunur.

"Eyni zamanda 2021-ci ildə ən vacib məqamlardan biri iqtisadi artımın qeyri-neft sektoruna hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 faiz oldu bu isə ölkə üzrə artım faizindən daha çoxdur. Nəticədə bu ondan xəbər verir ki, qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir. Bu da iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir. İqtisadi artım və iqtisadiyyatda islahatlar həm də fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına imkan yaratdı. Ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların artması dövlət neft fondunun transflerə qənaət edilməsinə gətirib çıxardı. Nəticədə 2022-ci il üçün ən böyük büdəcinin proqnazlaşdıırlmasına imkan verdi ",-deyə o bildirib.