Müsəlman olmayanlarla münasibətlər


Digərləri 15 Yan 2022 19:10:00 119 0

Müsəlman olmayanlarla münasibətlər

Qurani-Kərimdə belə deyilir:

"Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır". (Mumtəhinə, 60/8-9)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 "qırmızı xəttimiz" vardır:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Biz bu xətləri keçənlərlə dostluq münasibəti qura bilmərik.

TÖVBƏ SURƏSİNİN 5-Cİ AYƏSİ

Yeri gəlmişkən, belə bir fikir irəli sürülür ki, Tövbə surəsinin 5-ci ayəsi müsəlmanlarla qeyri müsəlmanlar arasındakı münasibətlərdə əsas götürülür. Həmin ayə belədir:

"Haram olan aylar çıxanda (onlara verilən 4 ay möhlət başa çatanda) o müşrikləri harada görsəniz, öldürün; onları yaxalayın, həbs edin və bütün keçid başlarını (yollarını) tutun. Amma əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Allah bağışlayandır, Onun yaxşılığı sonsuzdur". (Tövbə, 9/5)

Bu ayə qeyd etdiyimiz "qırmızı xətlərin" hamısını keçmiş, yəni, həddini aşmış, Hüdeybiyyə sülh müqaviləsini pozmuş, Məkkənin fəth edilməsindən sonra 1 il toxunulmamış, bununla yanaşı, 4 ay əlavə möhlət verilmiş Məkkə müşriklərinə edilən axırıncı xəbərdarlıq ilə əlaqədar ayələrdən biridir. Burada bəhs edilən hallara oxşar bir vəziyyət yaranmasa, bu hökmlər tətbiq edilməməlidir. Ayəyə başqa bir məna vermək da düzgün deyildir.

Allah belə buyurur:

"Siz mallarınız və canlarınızla çətin bir imtahandan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən çox təhqiramiz sözlər eşidəcəksiniz. Əgər səbr edib qorunsanız, əlbəttə, bu, əzm lazım olan işlərdəndir". (Ali-İmran, 3/186)

İnsana əziyyət verən sözlər və təhqirə məruz qalmaq yuxarıda göstərilən "qırmızı xətlərdən" olmadığına görə belə şeylərə qarşı səbirli, tədbirli və təmkinli olmaq lazımdır.

Peyğəmbərimiz Məhəmməd (s. a. v.) əvvəlcə müsəlman olan, lakin sonradan dindən üz döndərən və problem yaradıb çətinlik törədən ikiüzlü insanların əlindən çox bəlalar çəkmiş, amma onlara qarşı faktiki bir cəza tətbiq etməmişdir.

Munafiqun surəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir:

"O münafiqlər sənin yanına gələndə belə dedilər: "Biz şahidik ki, sən həqiqətən, Allahın elçisisən". Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, o münafiqlər tamamilə yalan danışırlar. Onlar öz andlarını qalxan edib, Allahın yolundan çıxdılar. Onların əməlləri necə də pisdir! Bunun səbəbi odur ki, onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər. Sonra qəlblərində başqa bir təbiət meydana gəldi. Artıq onlar anlamazlar! Onları gördüyün zaman cüssələri xoşuna gəlir, əgər danışsalar, sözlərinə qulaq asırsan. Onlar, sanki söykəldilmiş dirəkdirlər. Hər bir səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, onlara qarşı diqqətli ol! Allah onlarını canını alsın, necə də yalana yuvarlanırlar!

Onlara: "Gəlin, Allahın elçisi sizin bağışlanmağınızı diləsin", - deyildiyi vaxt başlarını bulayırlar. Bir də görürsən ki, təkəbbürlə üz döndərirlər. Sən onların bağışlanmağını diləsən də, diləməsən də, fərqi yoxdur (nəticə dəyişmir). Allah onları bağışlamayacaqdır. Çünki Allah fitnə-fəsad törədənləri doğru yola gətirməz.