Azərbaycan 4 günlük iş rejiminə keçir?


Digərləri 12 Yan 2022 12:42:00 142 0

Azərbaycan 4 günlük iş rejiminə keçir?

2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb.

Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.

Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Beləliklə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.

Budan əlavə bu günlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic" də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı.

Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.

Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələri davam edirlər.

Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur.

Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.

Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əməkhaqlarının da həcminin də azalmasına səbəb ola bilər:

Məsələni report-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, həftəlik iş günlərinin qısaldılmasında əsas məqsəd ödənişlərin azaltmaq deyil, iş keyfiyyətini artırmaqdır:

"Artıq dünyada tanınmış bir sıra özəl təsərrüfat subyektləri, iri korporasiyalar iş günləri ilə bağlı fərqli yanaşmalar tətbiq edir. Pandemiya dövründə bu məsələ daha da aktivləşib.

Hətta "Google" kimi bir sıra beynəlxalq iri şirkətlər əməkdaşın işə gəlməsi və getməsi, həmçinin onun nə zaman istirahət etməsi ilə bağlı qərarı işçinin öz ixtiyarına buraxır.

Belə şirkətlərdə əməkdaşa yalnız tapşırıq verilir və o tapşırığı icra etmək üçün müddət müəyyən edilir. Yəni bu vəzifəni əməkdaş nə zaman və necə icra edəcək, özü bilər. Şirkətə əsas nəticə lazımdır!

ABŞ-da yaşayıb, işləyən insanlar var ki, pandemiya dövründə ölkəmizə gəliblər. Amma heç bir problem olmadan buradan öz işlərini onlayn qaydada idarə edirlər. Çünki mərkəzi serverlər onlayn formatda işlər görülməsinə imkan yaratdığı üçün işçinin öz vəzifələrini yerinə yetirmək üçün işlədiyi yerə gəlməsinə ehtiyac olmur.