Macarıstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir


Dünya 10 Yan 2022 21:59:00 119 0

Macarıstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir

Macarıstanın Əmək Resursları Nazirliyi COVID-19 infeksiyasının omikron ştamının yayılması səbəbindən ölkədə koronavirus pandemiyasının beşinci dalğasının başlanacağını proqnozlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qurumun rəhbəri Mikloşa Kaşler deyib.

Nazirin sözlərinə görə, ölkədə pandemiyanın növbəti dalğası 2022-ci ilin yanvar-may aylarında başlaya bilər, gündəlik yoluxma hallarının sayı 13 min nəfəri keçə, gündəlik ölüm hallarının sayı isə 200 nəfərə çata bilər.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, əhalisi 9,7 milyon nəfər olan Macarıstanda koronavirusa yoluxanların sayı 1 milyon 297 mini ötüb, infeksiya səbəbindən ölənlərin sayı isə 39 min 947 nəfərə çatıb. Ölkədə vətəndaşların təxminən 78 faizi artıq koronavirus əleyhinə tam vaksinasiya kursu keçib. Burada əsasən Rusiyada istehsal olunan "Sputnik V" peyvəndindən istifadə edilir.