Böyük çillənin ilk gecəsi və ya “üç oğul”dan biri


Digərləri 20 Dek 2021 21:50:00 167 0

Böyük çillənin ilk gecəsi və ya “üç oğul”dan biri

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə - çillələrə bölünür. Azərbaycan ərazisində bəzi təsəvvürlərdə qış qoca qarı şəklində də təqdim olunur. Belə deyirlər ki, qış böyük çillə, kiçik çillə və boz ay adında üç oğlu olan qoca qarıdır.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib.

Təndirləri yandırdım, kürsüləri qurdurdum...

Aytən Cəfərova qeyd edib ki, böyük çillə qışın başlanğıcıdır. Xalq deyiminə görə, dekabrın 9 günü qışdandır. Dekabrın 20-si gecəsi ilin ən uzun gecəsidir. Dekabrın 21-i isə qış fəslinin ilk günüdür. Bu gündən etibarən böyük çillə başlayır və qırx gün davam edir. Böyük çillə o qədər də sərt olmur. Arabir qar, yağış yağmasına baxmayaraq, hava bir o qədər şaxtalı olmur. Xalq arasında bu mərasimlə əlaqəli animist düşüncəni özündə ehtiva edən mətnlər də mövcuddur. Naxçıvan ərazilərindən toplanmış bir mifik mətndə də təbiət qüvvələri ilə bağlı düşüncələr əks olunur. Həmin mətn belədir:

"Böyüh çilə ilə kiçiy çilə yolda rastlaşırlar. Kiçiy çilə böyühdən soruşur:

- Getdin nağardın?

- Böyüh çilə deyir:

- Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını aşdırdım.

Kiçiy çilə deyir:

- Qoy mən gedim, gör neyniyəcəm?! Qarıları təndirdən basıp küflədən çıxaracam, küpləri, xaralları boşaldacam, üzüqoyulu qoyub gələcəm.

Böyüh çilə deyir:

- Bacarmazsan...

Qabağın yazdı,

Ömrün azdı".

AMEA Naxçıvan Bölməsinin əməkdaşı bildirib ki, göründüyü kimi, çillələrin bəhsi verilən bu mətndə insaniləşdirilən təbiət qüvvələrinə etnosun münasibəti ifadə edilir. Həm də mətndə qədim Azərbaycan türklərinin təsərrüfat həyatı ilə bağlı etnoqrafik əşyalar haqqında məlumat da öz ifadəsini tapır: təndir, kürsü, küp, xaral, küflə kimi mətndə əksini tapan sözlər etnoqrafik mahiyyət daşıyır. Növbəti mətndə də Naxçıvan ərazilərinə məxsus köklü təsərrüfat həyatının elementləri obrazlaşdırılmış çillələrin dialoqunda təsvir edilir: "Böyüh çiləynən kiçiy çilə bacıdırlar. Kiçiy çillə böyüh çilədən soruşur ki, getdin neynədin? Böyüh çilə deyir ki, getdim camaahatın dənnərini üyütdüm, qavurmalarını elədim, qalaxlarını vırdım, əppəklərini yapdım gəldim. Kiçiy çillə deyir ki, kül başıva. Mən gedəcəm qocaları təndirdən basıp küflədən çıxaracam, uşaxların da əllərini çiləliyəcəm. Əmə həvih ki, ömrüm azdı. Kaş, sənin ömrün məndə olaydı". Göründüyü kimi, təndirə çörək yapmaq, qışa hazırlıq məqsədilə bişirilən qovurma yeməyi, dən üyütmək, qalaq yığmaq el həyatının təsərrüfat elementləridir ki, bunların bəziləri, məsələn, qovurma bişirmək, təndirdə lavaş bişirmək hazırda da icra olunaraq "Naxçıvan möhürünü" alıb.

Qış xalq təfəkküründə "qara qış" da adlanır. Bir çox türk xalqlarının mifik dünyagörüşündə də belə düşüncələr yaşayır ki, qışa aid olan üç aylıq zaman kəsimində təbiət qış ruhu tərəfindən öldürülür, yaz ruhu isə onu yenidən dirildir. Animist təfəkkürün qalıqlarını daşıyan bu düşüncələr fəsillərlə bağlı müxtəlif mərasimlərin icra tərzində indi də yaşamaqdadır.

Üçü bizə yağıdır, üçü cənnət bağıdır

Çillə mərasimi haqqında Azərbaycan xalq təfəkküründə, həm də elmi araşdırmalarda mövcud olan müxtəlif fikirlər vardır. Bəzi mənbələrdə də qeyd edilir ki, "....İlin ən uzun gecəsi olaraq bilinən və "çillə gecəsi" deyilən gecəni Azərbaycanda xüsusi mərasim - kütləvi şənliklərlə xalq bayramı keçirərdilər. Çünki bu çəkilən məhrumiyyətin - çilənin sona yetməsi ilə təbiət, inanca görə, yenidən cana gəlir və bərəkətini qışdan alan baharın gəlişi ilə yeni ilə qədəm qoyurdu".

Aytən Cəfərovanın sözlərinə görə, xalq təfəkküründə qışın erkən düşüncədən qaynaqlanan dağıdıcı, məhv edən, ziyan verən fəsil olduğu, bu dövrdə təbiətdə olan nə varsa, artıq məhvə doğru getdiyi haqqında fikirlər də vardır. Qışda insan təbiətdən öz təminatı üçün heç bir şey ala bilmədiyi üçün onu özünə düşmən hesab edir. Bu fikirlər daha sonra istər kiçik janr örnəklərində, istər lirik, istərsə də epik növə məxsus xalq yaradıcılığı örnəklərində poetikləşərək öz ifadəsini tapır. Elə xalq yaddaşında dolaşan bir tapmaca örnəyi də bu məqamı ifadə etmək baxımından maraqlıdır: