"Bayramları ləğv etməyə ehtiyac yoxdur"


Dünya 17 Dek 2021 21:25:00 131 0

"Bayramları ləğv etməyə ehtiyac yoxdur"

Peyvənd olunun, istənilən tədbirlərdə iştirakçıların sayını məhdudlaşdırın, insanların olduğu yerləri havalandırın - bayramları ləğv etməyə ehtiyac yoxdur, sadəcə olaraq özünüzü və yaxınlarınızı qorumağa kömək edən sadə qaydalara riayət etmək lazımdır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu çağırışla ÜST-nin Avropa bürosunun rəhbəri, doktor Hans Klyuge çıxış edib.

Doktor Klyuge çıxışına belə başlayıb: "Bayramlarda ehtiyatlı davranın, xeyirxah olun və təhlükəsizliyinizi təmin edin". O xatırladıb ki, Mərkəzi Asiya ölkələri də daxil olduqları Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu "omikron"un peyda olunmasından əvvəl də pandemiyanın episentrində idi.

Onun sözlərinə görə, bu gün isə region sakinləri bayramları COVID-19-un iki ştamının - "delta" və "omikron" variantlarının fəal yayılması şəraitində qarşılayır.

"Lakin bu heç də demək deyil ki, biz ötən il olduğu kimi Milad, Yeni İl və digər tədbirlərdən imtina etməliyik. Mən Avropa və Mərkəzi Asiya sakinlərinə bayram günlərində ehtiyatlı davranmağı məsləhət görürəm. İxtiyarımızda olan bütün çoxsaylı vasitələrdən istifadə edin. Bu, virusun yayılmasının qarşısını almağa və insanların təhlükəsizliyini təmin etməyə kömək edəcək", - deyə ÜST Avropa Regional bürosunun rəhbəri bildirib.

Söhbət ilk öncə vaksinasiyadan gedir, ÜST vurğulayır ki, vaksinlər hətta "omikron"la yoluxmada belə xəstəliyin ağır keçməsindən və ölümdən müdafiə edir. İmkan olduqda, əlavə, "buster" dozasını da vurmaq lazımdır.

İzdihamlı yerlərdən uzaq olmaq, hər hansı bir bayram tədbirinin iştirakçılarının sayını məhdudlaşdırmağa çalışmaq və ziyarət etməzdən əvvəl başqalarını yoluxdurmamaq üçün COVID-19 testi vermək lazımdır.

"Tam peyvənd kursunu başa vursanız belə, bütün profilaktik tədbirlərə əməl edin - izdihamdan qaçın, üzünüzə tam uyğun gələn maskalar taxın, ən azı bir metrlik fiziki məsafəni qoruyun, pəncərə və qapıları açmaqla insanların olduğu yerləri havalandırın, əllərinizi tez-tez yuyun", - deyə ÜST Avropa Bürosunun rəhbəri tövsiyə edib.

Bundan əlavə, o, məlumat üçün yalnız elmi dəlillərə əsaslanan və yeni xəbərləri izləyən etibarlı mənbələrə müraciət etməyi tövsiyə edir.

"Biz böyük yol keçdik. Biz ruhlandırıcı həmrəyliyin şahidi olduq. Nəyin effektiv olduğunu artıq bilirik. Biz özümüzün və başqalarının təhlükəsizliyini necə təmin edəcəyimizi bilirik. "Omikron"un ortaya çıxması bütün bunları dəyişdirmir", - deyə doktor Klyuge əlavə edib.