Boy artımı neçə yaşına qədər davam edir?


Digərləri 17 Dek 2021 04:35:00 179 0

Boy artımı neçə yaşına qədər davam edir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov uşaqların inkişafı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Son.az Səhiyyə Nazirliyinə istinadən ekspertin müsahibəsini təqdim edir:

- Uşaqların böyümə və inkişafını necə izləyə bilərik?

Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir. Uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır: yaşa görə boy; yaşa görə çəki; boy üçün bədən çəkisi; bədən kütləsi indeksi. Uşaqların böyümə və inkişafını izləmək, mövcud sağlamlıq vəziyyəti, uşağın rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox mövzuda göstərici ola bilər. Valideynlərə tövsiyəm uşaqları 6-7 aya qədər ayda bir dəfə, sonra isə 2-3 aydan bir rutin müayinəyə aparmaları istiqamətindədir. Yəni bu şəkildə mütəmadi olaraq uşaqların izlənməsi əhəmiyyətlidir.

- Erkin doktor, canlı efirlərimizin birində Azərbaycan uşaqları üçün xüsusi inkişaf cədvəllərinin hazırlandığını söyləmişdiniz. Bu cədvəllər haqqında məlumat verməyinizi istərdik.

- Hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər. Bu günə qədər Azərbaycanda bizim istifadə etdiyimiz başqa ölkələrin cədvəlləri idi. Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradaki fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni cədvə bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik.

- Ümumiyyətlə, digər ölkələrlə müqayisə etsək bizim uşaqların inkişafını necə dəyərləndirmək olar?

- Bunu dəqiq demək üçün gərək elmi tədqiqatlar aparılsın. 2016-2020-ci illərdə apardığımız elmi tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və ÜST-nin 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə etdik. Elmi tədqiqatlarımızın nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda həm çəki nisbətən artıq idi, həm də bədən kütlə indeksi daha yüksək idi. Burada çox faktorlar ola bilər, məsələn düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. Əlbəttə ki, elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir.