Zərərsizləşdirilən minaların sayı açıqlandı


Digərləri 16 Dek 2021 15:14:00 142 0

Zərərsizləşdirilən minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Horadiz - Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğulardan təmizləmə işləri davam edir. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir.

ANAMA-dan Son.az-a bildirilib ki, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bildirək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.

Horadiz - Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb.

Sifarişə əsasən avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.

Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.