Nərminin qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyət yarandı


Digərləri 16 Dek 2021 13:14:00 95 0

Nərminin qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyət yarandı

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə Nərmin Quliyevanın əmisi Lətif Quliyev ifadə verib. O bildirib ki, qardaşı qızı onlara günorta saat 14.00 radələrində gəlib. O isə həmin vaxt yatmış olub: "Günorta yeməyini yeyib, sonra yatmışam, bir də axşam saat 6-ya işləmiş oyanmışam".

L.Quliyevin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında çoxsaylı ziddiyyətlər olub. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan edilib. Məlum olub ki, o, əvvəllər oğurluğa görə məhkum edilib. Eyni zamanda, Nərminin həmin gün onlara hansı geyimdə gəlməsi, kiçik oğlu Ayxanın hamamı açıb, gödəkçəni ona verməsi və s. detallar haqqında ətraflı danışıb.

"Bir tərəfdən deyirsiniz ki, həmin vaxt yatmışdım, o biri tərəfdən də hər şeyi detallı danışırsız. Əgər yatmışdınızsa, bunları haradan bilirsiniz?", - vəkillər Lətif Quliyevə suallar ünvanlayıb.

Lətif Quliyev isə deyib ki, bunları özü görməyib, sadəcə, evdə olan ailə üzvlərinin danışdıqlarından eşidib.

Lətif Quliyev hadisə günü böyük oğlu Ruslanın harada olması ilə bağlı ziddiyyətli ifadələr verib. Vəkillər də vəsatət verib ki, Ruslan Quliyev məhkəməyə çağırılsın, onun həmin gün harada olduğu aydınlaşdırılsın. Hakim bildirib ki, ittiham tərəfin təqdim etdiyi şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.

Məhkəmə prosesi dekabrın 22-də azyaşlının digər qohumlarının dindirilməsi ilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.