Qələbənin elan olunmasına 6 saat qalmış... FOTO


Digərləri 15 Dek 2021 23:00:00 130 0

Qələbənin elan olunmasına 6 saat qalmış...  FOTO

O, dünyaya gəlməmişdən doğma kəndi düşmən tərəfindən işğal edilmişdi. Uşaqlığı güllə səslərinin altında keçmişdi. Onu nə artilleriya səsi, nə də düşmən mərmisi qorxutmurdu. Ən böyük arzusu hərbçi olmaq idi. Həqiqi hərbi xidmət dövrü Aprel döyüşlərinə təsadüf etdiyindən ilk sınağı həmin savaş oldu. İlk qələbəsini də məhz həmin dövrdə qazandı. Vətən müharibəsinə isə peşəkar hərbçi kimi qoşuldu. Qələbənin elan edilməsinə 6 saat qalmış ən uca məqamı fəth etdi.

Son.az AZƏRTAC-a istinadən Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin kiçik miçmanı Fəqan Zalovun şərəfli həyat yolunu təqdim edir.

Əslən Füzuli rayonun Aşağı Güzlək kəndindən olan Zalov Fəqan Amil oğlu 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində çadır şəhərciyində dünyaya göz açıb. Ailədə 2 qardaş bir bacı olan Fəqan evin sonbeşiyi idi. 2003-cü ildə Füzuli rayonun Babı kəndində Markıs Hacıyev adına tam orta məktəbinin 1-ci sinfinə gedib. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində təhsilini davam etdirib və həmin məktəbi bitirib. Uşaqlıqdan idmanla məşğul olan Fəqan sərbəst güləş üzrə bir çox nailiyyətlər əldə edib. 2015-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan 2016-ci il Aprel döyüşlərində də iştirak edib. 2017-ci ilin yanvar ayında hərbi xidməti bitirsə də, Vətənə olan sevgisi onun yenidən hərbiyə qaytarıb. 2017-ci ilin oktyabr ayından dekabr ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu keçib. 2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsinin Gözətçi Gəmilər Divizionun "N" nömrəli gəmisində komendor vəzifəsində xidmət edib. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarında fəal iştirak edib. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlib. Fəqan da həmin yarışlar zamanı bir çox fəxri fərmanlarla təltif olunub.

Fəqan 2018-ci ilin mart ayından dekabr ayınadək "N" saylı hərbi hissənin nəzdində olan xüsusi təyinatlı kəşfiyyat kursunu uğurla bitirib və ona kiçik miçman rütbəsi verilib. 2019-cu ilin mart ayından "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə xidmət edib. Xidmət etdiyi dövrdə bilik və bacarıqlarını daha da artırıb, təlimlərdə fəal iştirak edib, bir çox yarışlara qatılıb. Kəşfiyyatçı olaraq dağçılıq, paraşüt, antiterror, amfibiya kurslarını bitirib.

Kiçik miçman Fəqan Zalov İkinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları ilə birlikdə yüksək peşəkarlıq göstərərək dəfələrlə düşmənin mövqe qurduğu yüksəkliklərin azad olunması ilə yanaşı, canlı qüvvəsinin və sığınacaqlarının məhv edilməsində xüsusi fəallıq nümayiş etdirib. Noyabrın 9-da Üçtərəfli Bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. Füzuli rayonu Babı kənd qəbristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, o cümlədən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin atası Amil Zalov bildirib ki, kəndləri alınandan sonra bir müddət Sabirabadda çadır şəhərciyində yaşasalar da, sonradan 1997-ci ildən Füzulinin Babı kəndinə köçüblər: "Babı kəndi 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunmuşdu. Torpaq həsrətinə çox dözə bilməyərək yenidən ailəmlə birgə rayona qayıtdım və Babı kəndində yaşamağa başladıq. Öz kəndimizdən uzaq düşsək də, ən azından rayonumuzun havasını alırdıq. Mən övladlarımı atəş səsləri altında böyütdüm. İki oğlum bir qızım var idi. Oğullarımın ikisi də hərbi sahəni seçdi. Böyük oğlum da xüsusi təyinatlı qüvvələrə mənsubdu. Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Hərbi əməliyyatların birində snayper yarası alıb, hazırda müalicəsi davam edir. Kiçik oğlumu isə Vətənə qurban verdim.

Amil Zalov övladları haqqında danışarkən necə qürurlandığı səsindən bəlli olur. Sonbeşiyi olan Fəqandan bəhs edəndə isə qəhərləndiyini gizlətməyə çalışır. Axı evin sonbeşiyi həmişə ən əziz, ən istənilən, ən ərköyün olur...