Hamiləlikdə D vitamini çatışmazlığının fəsadları


Digərləri 15 Dek 2021 23:25:00 172 0

Hamiləlikdə D vitamini çatışmazlığının fəsadları

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.ü.f.d., Dr. Təranə Bayramova "Həkim məsləhəti" rubrikasında "Hamiləlikdə D vitamininin rolu" mövzusunda ətraflı məlumat verib.

"Hazırda dünya əhalisinin 40-80%-ində D vitamini çatışmazlığı qeyd olunur. Orqanizmdə D vitamini sintezi insanların yaşadığı coğrafi zonadan, sosial şəraitdən və geyim tərzindən asılı olaraq dəyişir. D vitamini xolesteroldan sintez olunan və yağda həll olan steroid tərkibli bioloji aktiv maddədir. D vitamininin ən vacib qaynağı onun dəridə sintezi və nazik bağırsaqlardan absorbsiyasıdır.

Son.az bildirir ki, insan orqanizmində D vitamini ehtiyacının 90%-i günəş şüalarının təsiri ilə sintez olunmaqla, 10%-i isə qida maddələri ilə təmin olunur. D vitamininin orqanizmdə əsas rolu kalsium, fosfor metabolizmi və sümük mineralizasiyası ilə əlaqəlidir. Bunlardan əlavə hüceyrə proliferasiyası və immun sistemin təşkilində D vitamininin funksionallığı görülməkdədir. D vitamini pankreatik β hüceyrələrə təsir etməklə insulin sekresiyasının tənzimində və insulinə rezistentliyin azalmasında da əhəmiyyətli rol oynayır. Son dövrlərdə aparılan araşdırmalar D vitamini çatışmazlığının və reseptor polimorfizminin raxit, I tip şəkərli diabet, ürək-damar xəstəlikləri, psoriaz, şizofreniya, Kron xəstəliyi, revmatoid artrit, çoxsaylı skleroz və vərəm xəstəliklərinin yaranması üçün risk faktoru olduğunu göstərmişdir.

Hamiləlik müddətində D vitamininə ehtiyac daha da artır. Bu səbəblə hamilələr D vitamini çatışmazlığı baxımından risk qrupuna aiddir. Hamiləlik zamanı ana qanında 25-hidroksi D vitamini miqdarının aşağı olması həm ana, həm də döldə bir sıra neqativ hallara gətirib çıxara bilər. Aparılan tədqiqatlar hamilələrdə D vitamini çatışmazlığının preeklampsiya, hestasional diabet, xolestaz, periodontal xəstəliklər, bakterial vaginoz, dölün bətndaxili inkişaf ləngiməsi, vaxtından əvvəl doğuş, cərrahi yolla doğuş riskini artırdığını göstərir. D vitamininin surfaktant sintezində iştirak etdiyi, dölün ağciyərlərinin inkişafında da rol oynadığı sübut edilmişdir. Bununla əlaqəli olaraq vaxtından əvvəl doğulmuş uşaqlarda D vitamini çatışmazlığı ilə respirator distres sindromu arasında əlaqənin olduğunu göstərən araşdırmalar mövcuddur. Qeyd etmək lazımdır ki, D vitamini səviyyəsi aşağı olan analardan doğulan uşaqlar raxit xəstəliyinə daha meylli olur və bu uşaqlarda I tip şəkərli diabet, bronxial astma və allergik rinit kimi immun sistemin disfunksiyası nəticəsində yaranan xəstəliklərə daha çox rast gəlinir.

Hamiləlik zamanı D vitamini çatışmazlığı davam edərsə, erkən yaşda sümük əriməsi - osteoporoz yarana bilər. D vitamini yetməzliyinə bağlı hamilələrdə çanaq və bel sümüklərində ağrılar meydana çıxa bilər. D vitamini çatışmazlığı zamanı orqanizmdə kalsium səviyyəsi pozularaq sümüklərdə kalsiumun qana keçməsi baş verir və sümüklərdə yumşalmalar yaranır. Sınıqlar baş verir, əzələ gücü azalmış olur. Nəticədə yerimə, enmə-qalxma hərəkətləri çətinləşir. Yıxılma riski artır, yorğunluq, bədənin bütün hissələrində ağrılar, depressiya, yuxu pozulmaları, yaddaşsızlıq baş verə bilir.