REALın yada saldığı problem


Digərləri 28 Okt 2021 12:58:00 209 0

REALın yada saldığı problem

Verilişimizin qaynar xəttinə daxil olan minlərlə müraciətdən birində vətəndaşlar yaşadıqları ərazidə olan problemdən dolayı giley-güzar edir, hətta həyəcan təbili belə çalırdılar. Yazılanlar, deyilənlər bizi dərhal, yubanmadan müraciətin daxil olduğu əraziyə getməyə sövq etdi.

Son.az Real TV-yə istinadən xəbər verir ki, uzun sözün qısası, bu dəfə yolumuzu Abşeron rayonu, Masazır qəsəbəsindən saldıq. Əraziyə gələr gəlməz, burada bir yox, bir neçə problemin hökmranlıq etdiyinin şahidi olduq. Əslində burada vəziyyət biraz fərqlidi. Çox yox, 1 il bundan əvvəl qəsəbənin Hüseyn Arif küçəsinə asfalt örtüyü çəkilmişdi. Heç vaxt vədə çatmayıb ki, nəticədə hər şey göz önündədi. Necə deyərlər, görünən kəndə nə bələdçi. 1 il əvvəl məhəllələrinə asfalt çəkildiyini görən sakinlərin çox keçməyib ki, sevincləri yarıda qalıb. Sakinlər yolun bu hala düşməsində birbaşa olaraq, günahı yük maşınlarında görür. Asfalt örtüyünün dağılmasından sonra burada çalalar və boşluqlar əmələ gəlib ki, bu da yağışlı havada gördüyünüz xoşağəlməz mənzərənin yaranmasına gətirib çıxarır.

Ərazidə olduğumuz vaxt məhəllədə anti-sanitar vəziyyətin də hökm sürdüyünün şahidi olduq. Qalaq-qalaq yığılan zibillər ətrafa üfunət qoxusunun yayırdı. Sakinlərlə söhbətləşən zaman agah olduq ki, zibili ətraf məhəllələrdə yaşayanlar gətirib, bura atırlar. Yəni, bu mənzərənin yaranamasında məhəllədə yaşayanların sən demə heç də günahı yox imiş.

Elə ürəyi dolu müsahiblərimin bitib-tükənməyən qayğılarını dinləyirdik ki, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbə üzrə nümayəndəsi bizim burada gəldiyimizdən xəbər tutub, dərhal əraziyə təşrif buyurdu. İlk sualımız bu mənzərə ilə bağlı oldu. Nümayəndə irsrarla bildirdi ki, zibillər hər gün bu ərazidən təmizlənir. Hərçənd ki, gördüklərimiz heç də deyilənləri əks etdirmirdi. Məhəllənin yol probleminə gəldikdə isə...

İcra nümayəndəsi ilə müsahibəmizdən sonra, çox keçmədi iki, mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə ağır texnika cəlb edildi.

Sakinləri narahat edən zibil qutuları ilə bağlı problemin həllinə isə vədi Masazır qəsəbə bələdiyyə sədri verdi. Elə yerindəcə.

Məhəllədə çəkiliş apardığımız zaman bir neçə məqamı müşahidə etdik. Uzun müddətdir sakinlərin harayına səs verməyən ərazi üzrə qurumlar yarım saatın içində yolunu bu məhəllədən saldı. Axı, problemi zamanında həll etmək olardı. Qəsəbə sakinlərinə gəldikdə isə, sevincləri yerə göyə sığımırdı. Bəlkə də, heç ağıllarına da gəlməzdi ki, problemlərə belə tez reaksiya verilər. Ərazidən uzaqlaşdığımız ana qədər eşitdiklərimiz təşəkkür minnətdarlıq oldu. Beləliklə, Problem verilişi olaraq daha bir problemin həllinə vəsilə olduq.