Allah niyə bizləri imtahana çəkir?


Digərləri 05 Okt 2021 21:20:00 142 0

Allah niyə bizləri imtahana çəkir?

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155).

Allah insanları istedadlarının üzə çıxması və çiçəklənməsi üçün imtahana çəkər. Allah biz insanları bu vasitələrlə imtahana çəkər: şirin və acı hadisələr, qorxu, aclıq, mala və cana dəyən ziyan və məhsulun az olması ilə. Həmçinin düşmən qorxusu, iqtisadi mühasirə, müharibə, cihad, əzizlərin döyüşə yollanması da imtahan vasitələrindəndir. Bu imtahan vasitələri ancaq bir insana şamil olmaz. Bəlkə Allah onların bəzisi ilə onu imtahana çəkər. Hər bir halda hər bir insan bu vasitələrin biri ilə imtahana çəkilər. Ola bilsin ki, bir insanın imtahan olması başqaları üçün dərs və ibrət olsun. (Tebyan)

Allah insanları mal və canı ilə imtahana çəkər. Lakin bəzən malın azlığı və cana gələn bəla insanın öz əməllərinin sayəsində baş verər. İmam Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini fasiq əməllərinə görə məhsulun az olması, bərəkətin həbs olması, xeyir mənbələrinin bağlı olması ilə giriftar edər ki, bəlkə təzəkkür olub tövbə edərlər".

Əlbəttə bu cür tənbeh olmaq da imtahandır. İman da imtahan vasitəsidir və Allah Təala onun sayəsində insana nemət verər. "(Mənə vəhy olundu ki): "Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik". ("Cinn" 16).

İlahi imtahanla bağlı bəhslər çoxdur. İlk insanın zehninə gələn sual budur ki, bəlkə bu imtahan ona görədir ki, məchul və tanınmış şeyləri tanıyaq, cəhalətimizi azaldaq? Bunu unutmayaq ki, bizim bu dünyada etdiyimiz imtahanla Allahın imtahanı çox fərqlənir. Bizim etdiyimiz imtahan məchulları aradan qaldırmaq üçündür ki, cahilliyimiz azalsın. Lakin Allahın imtahanı əslində tərbiyə və yetişdirmədir.

Allahın İlahi imtahanını bağbanın işinə bənzətmək olar ki, toxumu torpağa səpər və bu toxum təbii nemətlərin təsiri altında böyüməyə başlayar. Böyüyər və çətinliklərlə üzləşər və onlarla vuruşar. Şiddətli küləklərə və güclü yağışlara müqavimət göstərər. Nəhayət bu toxum böyük bir ağaca çevrilər. Bar verər və məhsulu ilə hamını sevindirər.

"Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir". ("Ali-İmran" 154).