Uğursuz cərrahiyyə əməliyyatı


Digərləri 05 Okt 2021 12:42:00 117 0

Uğursuz cərrahiyyə əməliyyatı

Həkimi səhlənkarlıqda ittiham edən xəstə məhkəməyə müraciət edə bilər

Yəqin ki, bir çoxlarınız ptoz xəstəliyi haqqında eşitmisiniz. Yunan dilində "ptoz" - "enmə, düşmə" mənasını verir və üst göz qapağının sallanması ilə müşahidə olunan oftalmoloji patologiyadır. Üst göz qapağının ptozu həm uşaqlarda, həm də böyüklərdə təsadüf edilə bilər. Elə verilişimizə müraciət edən Kürdəmir rayonu sakini Şamxal Məmmədov da 10 ildir ki, ptozdan əziyyət çəkir. Fəhləliklə məşğul olan Şamxal Məmmədov pul toplayaraq cərrahi əməliyyat keçirmək və düçar olduğu bu xəstəlikdən birdəfəlik can qurtarmaq qərarına gəlir. Amma təəssüf ki, o, istəyinə nail ola bilmir və əməliyyatı həyata keçirən göz xəstəxanasından şikayətçidir.

Son.az Real TV-yə istinadən bildirir ki, cərrahi əməliyyatı keçirməyə boyun olan həkim 33 yaşlı Şamxal Məmmədova əminliklə söz verir ki, illərdir ona əziyyət verən bu xəstəlikdən canını qurtaracaq. Amma təəssüf ki, əməliyyatdan istənilən nəticə əldə olunmadığına görə, xəstə ikinci dəfə cərrahi prossesdən keçməli olur.

Şamxal Məmmədov iddia edir ki, həkim səhlənkarlığı ilə qarşılaşıb. İndi o, ya pulunu geri almaq istəyir ya da sözügedən klinikanın onu yenidən əməliyyata götürməsini. Təbii ki, bu dəfə uğurla nəticələnəcək əməliyyata. Məlumat üçün qeyd edək ki, əksər hallarda ptozun müalicəsi cərrahi yolla həyata keçirilir. Əməliyyatdan öncə və sonra həkim tövsiyələrinə riayət olunarsa bir çox hallarda cərrahi əməliyyat uğurlu nəticəni verər. Şamxal Məmmədovdan bu haqda həkimlə hansı danışıqları olduğunu soruşduqda isə, təəssüf ki, o sualımızı cavablandırmaqda çətinlik çəkdi. Həmçinin ondan xəstəxana ilə pasient arasında imzalanan müqaviləni də soruşduq. O, isə cavabında, bəli imzaladığım sənəd olub, amma orda nələrin yazıldığına diqqət etməmişəm dedi.

Şamxal Məmmədovun keçirdiyi uğursuz əməliyyatla bağlı ittiham etdiyi klinika ilə əlaqə saxladıq. Sözügedən özəl tibb müəssisəsindən bu məsələ ilə bağlı hər hansı bir münasibət bildirməkdən imtina etdilər və əlavə etdilər ki, xəstənin narazılığı varsa o, məhkəməyə müraciət edə bilər.