Cəbrayılın azad edilməsi cənnətdə qeyd etdiyi ilk doğum gününə ən böyük hədiyyə oldu... FOTO


Digərləri 04 Okt 2021 21:59:00 155 0

Cəbrayılın azad edilməsi cənnətdə qeyd etdiyi ilk doğum gününə ən böyük hədiyyə oldu...  FOTO

Fərid Hacıyev doğma kəndlərinin - Böyük Mərcanlının işğaldan azad olunmasını gördü, lakin Cəbrayılın erməni işğalçılarından tam təmizlənməsini görmək ona qismət olmadı. Bu gün həm Cəbrayılın düşmən tapdağından qurtarılması günü, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Fərid Hacıyevin doğum günüdür. Nə biləydi ki, doğma torpağın düşmən tapdağından qurtarılması doğum günü tarixi ilə üst-üstə düşəcək...

Hacıyev Fərid Təşkilat oğlu 1989-cu il oktyabrın 4-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Doğma yurdundan didərgin düşəndə 4 yaşına az qalmışdı. Biləsuvar rayonunda məskunlaşmalı oldular. Uşaq olsa da həyatında nələrinsə dəyişdiyini hiss edirdi. Böyüdükcə məcburi köçkün həyatının nə demək olduğunu anlayırdı. Hər ötən gün içindəki nifrət və qisas hissi alovlanırdı. 2006-cı ildə Biləsuvar rayonunda yerləşən İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbini bitirən Fərid həqiqi hərbi xidmətə yollanır. Həqiqi hərbi xidməti başa vuran Fərid Hacıyevi Vətən sevgisi bir neçə ildən sonra yenidən hərbiyə qaytarır. O, 2013-cü ildən Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi fəaliyyət göstərirdi, kəşfiyyatçı idi.

Düşmənlə ilk savaşı məhz Aprel döyüşlərində olur. Fərid Hacıyev Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsində iştirak edir. İlk qələbə, ilk sevinc onu daha da həvəsləndirir. İrəli getmək və bütün torpaqları işğalçılardan azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. Nəhayət həmin an gəldi. Ötən il Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri də məhz Fərid Hacıyev idi. O, peşəkar hərbçi kimi bilirdi ki, ya qazi olacaq, ya da şəhid, amma ən əsası ərazi bütövlüyümüz bərpa olunacaq.

Son.az bildirir ki, şəhidin həyat yoldaşı Azadə Yusifova AZƏRTAC-a müsahibəsində deyib: "Mən özüm də əslən Cəbrayıl rayonundanam. Fərid Böyük Mərcanlıdan, mən isə Şıxalıağalı kəndindənəm. İkimiz də didərgin həyatı yaşamışdıq. Ona görə də bir-birimizi çox gözəl anlayırdıq. Fərid işğalla barışa bilmirdi. Deyirdi ki, o torpaqların taleyini övladlarımıza yükləyə bilmərik. Nə edəcəyiksə, biz edəcəyik. Lazım olsa qanımızla, canımızla düşmənlərdən təmizləyəcəyik torpaqları. İki övladımız var, Eşqin və Əli. Fərid onları özü kimi mərd, cəsur yetişdirmək və hərbçi olmalarını istəyirdi. Deyirdi, övladlarımızı elə yetişdirməliyik ki, Vətənə, millətə xeyirli olsunlar. Heç nədən qorxmasınlar. Son dəfə sentyabrın 25-də yola saldım Fəridi. O zaman təlimlər keçirdilər. Onu yola salanda sanki vidalaşırmış kimi danışdı. Dedi narahat olma hər şey yaxşı olacaq, işdir birdən nəsə olsa, şəhid olsam başını dik tut. Sanki ürəyinə dammışdı hər şey. Sentyabrın 26-da isə bizimlə bir neçə dəfə əlaqə saxladı. Son zəngində "Uşaqları sənə, səni də Allaha tapşırıram" dedi. Sentyabrın 27-də müharibə başladı. Sentyabrın 28-də Fərid qardaşına zəng edib. Deyib ki, irəliləyirik, bir addım da geri çəkilməyəcəyik. Öldü var, döndü yoxdur. Fərid Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. O, sentyabrın 30-da Füzulinin Alxanlı kəndi yaxınlığına minomyot qəlpə yarası alıb və şəhadətə yüksəlib. Həyat yoldaşım Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilib.

Onun yoxluğu bizim üçün çox çətindir, lakin Fəridlə fəxr edirəm. Fərid özü ilə birlikdə bizi də zirvələrə qaldırıb. Şəhid ömür-gün yoldaşımın arzusu yerinə yetdiyinə görə sevinirəm. Cəbrayıl da, digər torpaqlarımız da işğaldan azad olundu. Fərid 4 yaşını məcburi köçkün kimi, 27 ildən sonra isə 31 yaşını işğaldan azad olunan Cəbrayılın şəhidi kimi qeyd etdi. Cəbrayılın azad edilməsi Fəridə ən böyük hədiyyə oldu. Bilirəm ki, biz Cəbrayıla, öz doğma kəndimizə ayaq basanda Fəridin ruhu daha da şad olacaq. Həmin torpaqlardan məcburi köçkün kimi çıxdım, bir qəhrəmanın həyat yoldaşı kimi qayıdacağam".