Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir


Digərləri 02 Okt 2021 20:30:00 157 0

Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir

Əhli-Beytdən (ə) nəql edilir: "Dörd şey vardır ki, əgər hər kimdə olsa, İslamı kamil olar. İmanına yardım edər, günahları pak olar, Allahla ondan razı olan halda görüşər. Bu dörd şey ibarətdir: Allaha xatir bağladığı əhdə vəfa edər, bütün insanlarla düz danışar, Allah və insanların yanında çirkin olan əməllərə görə həya edər, ailəsi və bütün insanlarla xoş əxlaqlı olar. Dörd şey vardır ki, möminlərin hər birində olsa, Allah ona ən şərəfli yerdə yer verər: O kəs ki, yetimə pənah verər, ona sevgi ilə nəzər salar, ona qarşı mehriban ata olar. O kəs ki, gücsüzə rəhm edər və ona yardım edər. O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar və hər ikisinə yaxşılıq edər. Onları qəmgin etməz. O kəs ki, xidmətçisinin və nökərinin haqqına təcavüz etməz. Onu gücü çatmayan işlərdə işlətməz".

Bəzən Allahını tanıyan insan istər maddi, istər əxlaq, istər ailə məsələlərində bir işi öhdəsinə götürür və söz verir ki, yerinə yetirəcəkdir. Nəzərə almaq lazımdır ki, əhdə vəfa etmək - zəruri məsələlərdəndir.

"Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin". ("İsra" 34).

"Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi". ("Məryəm" 54).

"Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər". ("Muminun" 8).

Əbu Malik nəql edir ki, İmam Səccada (ə) dedim ki, məni dinin bütün qanunlarından xəbərdar et. Həzrət (ə) buyurdu: "Haqqı demək, ədalətlə hökumət etmək, əhdə vəfa etmək - dinin bütün qanunudur".

Hüseyn ibni Məsəb deyir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "Üç şey vardır ki, ona əməl etməkdə heç kəs üçün üzr yoxdur: yaxşı və pis əməl sahibinin əmanətinə əda etmək, yaxşı və pis əməl sahibinin əhdinə vəfa etmək, ata və anaya yaxşılıq etmək - istər hər ikisi yaxşı olsun və istərsə də pis".