"Kanalbatan"ın yol və avtobus problemi


Digərləri 02 Okt 2021 14:24:00 134 0

"Kanalbatan"ın yol və avtobus problemi

Sumqayıt şəhər icra hakimiyyəti problemlərə aydınlıq gətirdi

Afrikada belə yerlərin olub-olmadığını dəqiq bilmirik. Amma dəqiq olan odur ki, Sumqayıtda belə asfalt örtüyündən xəbərsiz, heç bir normativlərə uyğun gəlməyən yol var. Dəqiq ünvanı soruşsaz, bax, bu suala cavab verməkdə biz də çətinlik çəkəcəyik. Sakinlərdən bəzisinin Sumqayıt, bəzisinin Novxanı bağları, bəzilərinin avtobusun nömrəsinə uyğun olaraq "16/19 yolu" dediyi yerdir bura. Ən çox hallanan ad isə "Kanalbatan"dır. Niyə belə? Yəqin ki yaxından keçən suvarma kanalına görə. O kanal ki, sakinlər öz kanalizasiya sularını belə bura axıdırlar.

Amma hələ ki problemləri nə kanaldır, nə də kanalizasiya. Əsas problemləri gündəlik istifadə etdikləri bu yoldur. Ara-sıra çınqıl tökməklə abıra salmaq istədikləri, amma buna nail olmadıqları yol.

Sakinlərin ikinci bir dərdi isə az öncə adı çəkilən 16/19 saylı marşrut avtobusudur. Köhnə markalı avtobusların hərəkət etdiyi bu marşrut xəttindəki interval sərnişinlər üçün xeyli problem yaradır.

Başqa problem isə antisanitariyadır. Gördüyünüz bu uzun yolda bircə dənə də zibil qutusu gözə dəymir. Əhali isə öz zibilini hara atsa, yaxşıdır? Təbii ki, başıbəlalı kanala.

Son.az bildirir ki, Real TV şikayətçilərin problemini əlaqədar quruma - Sumqayıt Şəhər İcra Hakimiyyətinə çatdırıb. Oradan bizə bildirdilər ki, qeyd olunan ərazi üzrə asfaltlanma işləri mərhələli şəkildə həyata keçirilir. Ötən beş il ərzində bir çox küçələrə asfalt örtüyü vurulub. Digər əsas işlək küçələrdə də tədbirlər planına uyğun olaraq asfaltlanma işləri həyata keçiriləcək. Məişət tullantıları isə siqnal üsulu ilə həftə ərzində bir neçə dəfə toplanır. Təəssüf ki, bəzi şəxslər tullantıları yol kənarlarına atır, bununla bağlı da mütəmadi olaraq ərazidə təmizlik işləri aparılır.

Avtobuslar arasındakı intervallar isə marşurut xəttinə cavabdeh olan sahibkar tərəfindən tənzimlənir. Avtobuslar arasında interval başlanğıc və son dayanacaq arasındakı məsafədən və ərazidə avtobuslardan istifadə edən sərnişinlərin sayından asılıdır. Buna uyğun olaraq intervallar müəyyənləşdirilir. Sərnişinlərin müraciətləri əsasında intervala yenidən baxılması ilə bağlı tərəfimizdən sahibkara müraciət olunacaq.