Hamiləlik dövründə anemiya


Digərləri 28 Sen 2021 08:05:00 114 0

Hamiləlik dövründə anemiya

Hamilə qadınların bir çoxunda hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı "qanazlığı" da adlandırırlar.

Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.

Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.

Adətən hamiləlik zamanı "dəmirdefisitli anemiya" diaqnozu qoyulur. Lakin bəzi hallarda qadında digər anemiya növləri inkişaf edə bilər - vitamin B12 və fol turşusunun çatışmazlığı ilə bağlı olan anemiya, hipoplastik, hemolitik anemiya. Bu anemiyaların simptomları, diaqnostikası və müalicəsi tamam fərqlidir.

Dəmir insan orqanizmində çox mühüm rol oynayır - hemoqlobin (oksigeni bütün orqan və toxumalara daşıyan zülal), qalxanvari vəzi hormonlarının sintezində iştirak edir, insan immun və sinir sistemləri üçün çox vacibdir və s. Dəmirdefisitli anemiya hamiləliyin gedişatına, gələcək uşağın səhhətinə mənfi təsir edir. Belə ki, anemiya hamiləlik dövründə müxtəlif fəsadların inkişaf etməsinə səbəb ola bilər: məsələn, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar və s. Hamiləlik dövründə analarında anemiya olan uşaqların bir çoxu 1 yaşına çatdıqca onlarda da dəmir çatışmazlığı qeyd edilir. Anemiyası olan qadınların uşaqları 1 yaşına qədər olan dövr ərzində digər uşaqlara nisbətən kəskin respirator virus infeksiyaları (KRVİ) ilə daha tez-tez xəstələnir, onlarda enterokolit, pnevmoniyalar, müxtəlif formalı allergiyaların (həmçinin diatezlərin) inkişaf etməsi ehtimalı da daha çox olur.

Hamiləlik zamanı dəmirdefisitli anemiyanın inkişaf etməsinin səbəbi ondan ibarətdir ki, bu vaxt qadının orqanizmində qanın həcmi (qanın maye hissəsinin - plazmanın - həcmi) xeyli artır və qan hüceyrələri (o cümlədən də eritrisitlər) çoxalmış qan həcmində sanki "seyrəlirlər". Nəticədə də anemiya yaranır.

Əgər hamiləlikdən əvvəl qadın orqanizmi üçün gün ərzində 1-2 mq dəmir kifayət edirdisə, hamiləliyin 2-ci trimestrində (4-5-6 aylar) 2-4 mq, 3-cü trimestrində (7-8-9 aylar) isə 10-12 mq (!) dəmir lazım olur.

Məhz bu səbəbdən də dəmirdifisitli anemiya 3-cü trimestrdə qadınların, demək olar, əksəriyyətində inkişaf edir. Uşağı dünyaya gətirdikdən və əmizdirdikdən sonra qadın orqanizminə dəmir ehtiyyatını bərpa etmək üçün ən azı 3 il vaxt lazım olur. Bu və digər səbəblərə görə həkimlər doğuşlar arası 3 il fasilə verməyi tövsiyə edirlər. Bu şərtə əməl edilmədiyi halda qadının sonrakı hamiləlikdə daha ciddi problemlərlə üzləşməsi ehtimalı dəfələrlə artır.

Həkimlərin ümumi rəyinə əsasən, hemoqlobinin 90-110 q/l olması ilə müşayiət olunan anemiyaları hamilə qadınlar nisbətən yüngül şəkildə keçirirlər. Hemoqlobinin miqdarı 80-89 q/l olduqda bu orta dərəcəli anemiya, 80 q/l-dən az olduqda isə bu, ağır formalı anemiya hesab olunur.