Məktəblər açıldı, tıxac başladı Çıxış yolu nədir?


Digərləri 23 Sen 2021 20:18:00 100 0

Məktəblər açıldı, tıxac başladı  Çıxış yolu nədir?

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov ibtidai siniflərdə dərslərin başlanmasını, gələn həftədən isə bütün siniflərdə, habelə digər təhsil ocaqlarında dərslərin açılacağı ilə paytaxtın xeyli küçə və prospektlərində tıxacların artmasını nəzərə alıb, vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlərə ehtiyac olduğunu bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir sıra təkliflərlə çıxış edib.

Hüseynovun sözlərinə görə, paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb:

"Təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın, hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun, tədris prosesi elə təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun.

Bundan sonra valideynlərlə maarifləndirmə işi də lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin.

Ümumiyyətlə elə edilməlidir ki, xüsusi təmayüllü məktəblər və özəl məktəblər istisna olmaqla, qalan bütün məktəblərdə normal tədris, məktəbdə kommunal şərait olsun ki, valideyn uzaqda məktəb axtarmasın.

Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın".

O qeyd edib ki, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal deyil:

"Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur və tıxaclar daha da şiddətlənir. Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın.

Məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmasın".