İtaliyada COVID19a qarşı peyvənd olunmaq istəyənlərin sayı 40 faiz artıb


Dünya 20 Sen 2021 21:09:00 102 0

İtaliyada COVID19a qarşı peyvənd olunmaq istəyənlərin sayı 40 faiz artıb

İtaliyada "Yaşıl keçid kartı"nın ("Green pass" və ya vaksin sertifikatı) bütün işçilərdən tələb ediləcəyinin açıqlanmasından sonra COVID-19-a qarşı peyvənd olunmaq istəyənlərin sayı 40 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən təxminən 23 milyon nəfəri əhatə edən məcburi peyvənd sertifikatı ilə bağlı yeni qaydalar oktyabrın 15-dən qüvvəyə minəcək. Bu səbəbdən COVID-19-a qarşı peyvənd olunmaq istəyənlərin sayında əvvəlki dövrlə müqayisədə 40 faiz artım müşahidə edilir.

Bu günədək İtaliyada 12 yaşdan yuxarı əhalinin 76 faizi - təxminən 41 milyon nəfər hər iki doza peyvənd qəbul edib.

Hökumətin koronavirusa yoluxmaların və iqtisadi itkilərin qarşısını almaq üçün əhalinin ən azı 90 faizinin peyvənd olunmasını hədəflədiyi bildirilir.

Qeyd edək ki, İtaliya "Green pass"ı məcburi edən ilk Avropa ölkəsidir və yeni qaydalar ilin sonuna qədər qüvvədə olacaq.

Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb olunacaq. Yeni qaydalar təqaüdçülərə və işsiz vətəndaşlara şamil edilmir.