Niyə insanlar ölümdən bu qədər qorxurlar?


Digərləri 11 Sen 2021 19:55:00 91 0

Niyə insanlar ölümdən bu qədər qorxurlar?

Niyə insanlar ölümdən bu qədər qorxurlar? Bu sualı Məsumlara (ə) da veriblər. Misal üçün Peyğəmbərdən (s) soruşublar ki, niyə ölümdən qorxuruq? İmam Həsənə (ə) də bu sualı veriblər. Baxmayaraq ki, Məsumlar (ə) bu suallara ətraflı cavab veriblər, ancaq bu sual hal-hazırkı dövrdə də verilməkdədir. (Tebyan)

Ölüm qorxusu, nigarançılığı bir həqiqətdir ki, insanların əksəriyyətində mövcuddur. Kərbəla şəhidləri barəsində də deyirlər ki, otuz min nəfərlik ordu qarşısında çox az saylı orduya malik idilər. Bu döyüş adil döyüş deyildi. Ancaq onlar nə etdilər?

Ölümə o qədər yaxın oldular ki, sanki ana südünə susuzlamış körpədirlər. Bu sözü Kərbəla şəhidləri barəsində o kəs deyir ki, həm Allahın düşməni idi və həm də Kərbəlada olmuşdur. O, deyir: "Onlar qılınclarını çəkib öz qılınclarının kölgəsində qərar tuturdular. Ölümdən başqa bir şeyi tanımırdılar. Əgər biz onları öldürməsəydik, onlar bizi öldürəcəkdilər. Əgər biz suyu bağlamasaydıq, onlar bağlayardılar. Bizdən heç kəsi sağ buraxmazdılar".

Yəni bu məhdud sayda insan sayı otuz min nəfər olan ordunu məhv edəcəkdi. Söhbətimizin məqsədi budur ki, hətta düşmən belə, onların ölümlə nə qədər yaxın olduqlarının şahidi olmuşdur.

İnsanların heç də hamısı ölümdən qorxmur. Elə insanlar vardır ki, onların ölüm üçün hazırlıqları vardır. Ona görə də ölməkdən nigaran deyildirlər və qorxmurlar.

İmam Əli (ə) buyurur: "Əgər insan ölüm istedadına malik olsa, onun üçün fərq etməz ki, ölüm onun sorağına gəlsin, yoxsa o, ölümün sorağına getsin. Əgər insan ölümü qəbul etməyə hazırdırsa, nigaran olmaz".