Sentyabrın 8i Beynəlxalq Savadlılıq Günüdür


Digərləri 08 Sen 2021 21:30:00 253 0

Sentyabrın 8i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu il Beynəlxalq Savadlılıq Günü "İnsana yönəlmiş bərpa naminə savadlılıq: rəqəmsal uçurumu aradan qaldırmaq" devizi altında qeyd olunur.

COVID-19 böhranı, uşaqların, gənclərin və böyüklərin təhsilini görünməmiş miqyasda pozdu. Həmçinin 773 milyon savadsız gənc və yaşlının savad öyrənmək imkanlarının əlçatanlığında əvvəllər mövcud olan bərabərsizliyi daha da artırdı.

Pandemiyaya qarşı ilkin milli planların bir çoxunda gənclər və böyüklər arasında savadsızlığın aradan qaldırılması tədbirləri nəzərdə tutulmadı, eyni zamanda, bir çox savadlılıq proqramları normal fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.

Hətta qlobal böhran dövründə əyani təhsillə yanaşı distant təhsil də daxil olmaqla təhsilin fasiləsizliyinin təmin olunması istiqamətində alternativ yollar tapmaq üçün səylər göstərildi. Lakin savadlılıq imkanları hamı üçün eyni dərəcədə əlçatan deyil.

Distant təhsilə sürətli keçid qoşulma, infrastruktur və texnologiyadan istifadə bacarığı, həmçinin öyrənmə imkanlarını məhdudlaşdıran elektrik enerjisinə çıxış kimi digər xidmətlərdəki fərqlər baxımından davam edən rəqəmsal uçurumu üzə çıxardı.

Bununla belə pandemiya savadlılıq bacarıqlarının müstəsna əhəmiyyətini xatırlatdı. Savadlılıq təhsil hüququnun ayrılmaz bir hissəsi olmaqla yanaşı, insan hüquqlarını, imkanlarını genişləndirir. Onların qiymətləndirə biləcəkləri həyat tərzini seçməsi baxımından imkanlarını genişləndirərək həyatlarını yaxşılaşdırır. Savadlılıq dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir. Savadlılıq bacarıqları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində müəyyən edildiyi kimi, humanist təhsilin və ömürboyu öyrənmənin ayrılmaz hissəsidir. Beləliklə, savadlılıq COVID-19 böhranından sonra insanlara yönəlmiş bərpa istiqamətində mərkəzi rol oynayır.