Salvador dünyada bitkoini qanuni valyuta qismində qəbul edən ilk ölkəyə çevrilib


Dünya 08 Sen 2021 21:20:00 206 0

Salvador dünyada bitkoini qanuni valyuta qismində qəbul edən ilk ölkəyə çevrilib

Salvador dünyada ilk ölkədir ki, burada bitkoin sentyabrın 7-dən qanuni ödəniş vasitəsi kimi rəsmi şəkildə qəbul edilib. Bu, pul köçürmələrinin göndərilməsinə xərclərin azaldılması, xarici sərmayənin cəlbi və daxili tələbatın artması məqsədi daşıyır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Salvador parlamenti kriptovalyutanın leqallaşdırılması üzrə qanun layihəsini bu ilin iyununda bəyənib.

Salvador Prezidenti Nayib Bukele əmindir ki, kriptovalyutanın rəsmi səviyyədə tətbiqi həm ölkəyə yeni investorların cəlb edilməsinə şərait yaradacaq, həm də xaricdə çalışan həmvətənlərin həyata keçirdiyi pul köçürmələrinə görə xərcləri azaldacaq.

Prezident ölkə hüdudlarından kənardan daxil olan pul köçürmələrinin alınmasından ötrü salvadorlular üçün komisyon xərclərinə 400 milyon dollar (340 milyon avro) qənaət ediləcəyini bildirib.

Kriptovalyutanın işlənməsinə gəlincə, hökumət bununla bağlı "Chivo" tətbiqini dövriyyəyə buraxacaq. Salvadorlular arasında kriptovalyutanın istifadəsini dəstəkləmək üçün hökumət elektron cüzdan açan hər bir vətəndaşa 30 dolları bitkoinlə təklif edir.

Bununla əlaqədar ölkədə 200 ədəd bitkoin bankomatı və 50 xidmət şöbəsi yerləşdiriləcək.

Hökumət bitkoinin ABŞ dollarına konversiyasının dəstəklənməsi üçün 150 milyon dollar (128 milyon avro) həcmində fond da yaradıb.

Sentyabrın 7-dən qüvvəyə minən yeni qanuna müvafiq olaraq istehlakçılar mal, xidmət haqlarını, həmçinin dollarla köçürülən vergiləri də ödəyə bilərlər.

Lakin bu qanunun icrası beynəlxalq təşkilatlar və agentliklər tərəfindən dəstəklənməyib. Beynəlxalq Valyuta Fondu kriptovalyutanın qanuni ödəniş vasitəsi qismində qəbulu ilə bağlı risklər barədə xəbərdarlıq edib. Eyni zamanda, "Fitch" reytinq agentliyi bildirib ki, bitkoinin ölkədə valyuta kimi qəbulu "çirkli pulların yuyulması"na və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun pozulması imkanları da daxil olmaqla, maliyyə müəssisələri üçün tənzimləyici riskləri artıra bilər.