COVID19 pasportu olmayanlar qapalı məkanlara buraxılmayıb


Digərləri 02 Sen 2021 14:48:00 148 0

COVID19 pasportu olmayanlar qapalı məkanlara buraxılmayıb

Bu gün  kafelər, mollar, restoranlar və digər bəzi qapalı məkanlara daxil olan hər kəsdən COVID-19 pasportu tələb olunub. Yoxlama prosesi müxtəlif cür aparılıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşların bir çoxu ikinci doza vaksini qəbul etmədiyinə görə pasport əldə edə bilməyiblər. Bu da  onların ticarət mərkəzlərinə girişində sıxlığa səbəb olub.

Onların çoxu bildirirlər ki, ikinci dozanın da mütləq lazım olduğundan xəbərsizdirlər.

Restoranlara alınan planşetlər vasitəsilə COVID-19  pasportu yoxlanılıb. Bunun üçün vətəndaşlardan ya FİN kod, ya da  ad və soyad soruşulub. Pasportu üzərində olanlar QR kodu oxudaraq obyektə daxil ola biliblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, işçi personalı sentyabrın 1-nə qədər 1-ci dozanı, oktyabrın 1-nə qədər 2-ci dozanı qəbul etməlidir. Vətəndaşlar üçün tətbiq olunacaq qaydalar kafe, restoran və digər obyektlərin yalnız qapalı məkanları üçün keçərlidir. Açıq havada bu qaydalar keçərli deyil.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bu gün veridiyi açıqlamada bildirib ki, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə daxil ola biləcəklər. Oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iaşə obyektlərinə buraxılacaqlar. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur.