İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək


Digərləri 10 Avq 2021 18:02:00 124 0

İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

"Arkia Airlines" və "Israir Airlines" İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv - Bakı - Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə almışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, beləliklə, "Arkia Airlines" aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilmişdir.

Eyni marşrut üzrə "Israir Airlines" aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilmişdir. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv - Bakı - Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən İsrail vətəndaşları aşağıdakı şərtlərlə Azərbaycana səyahət edə bilərlər:

tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış təqdim etdikdə;

uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etdikdə.

18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.