Qanun hamı üçün birdir Yolunu azan deputat üçün də...


Digərləri 02 Avq 2021 17:12:00 142 0

Qanun hamı üçün birdir  Yolunu azan deputat üçün də...

Qanunların aliliyi qorunan istənilən hüquqi dövlətdə hər hansı cinayətkarın adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır. Və bu hal hər bir ölkənin qanunlarında, Konstitusiyada da təsbit olunub. Azərbaycan dövləti illər uzunudur ki, məhz bu siyasəti uğurla yeridir. Onun siyasətinin əsas məzmununu məhz xalqın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasiətlərdə şəffaflığın təmin edilməsi təşkil edir. Azərbaycanda da qanunlar hamı üçün ümumi məcburi davranış qaydası olduğu üçün hər kəs qanun qarşısında bərabərdir.

Deputat səlahiyyətləri artıq əlindən alan Eldəniz Səlimovla bağlı çıxarılan qərar da bunun bariz nümunəsidir. Və statusundan asılı olmayaraq hər kəs bilməlidir ki, indi 90-cı illər deyil. Ölkənin cəngəllik qanunları ilə idarə olunduğu, hərc-mərcliyin baş alıb getdiyi həmin illər arxada qalıb. 

Konkret olaraq bu məsələyə gəldikdə fakt ortalıqdadır - polis döyülüb, qanun pozuntusu olub və bu da ictimailəşib. Karantin qaydaları pozulub, polis vəzifə borcunu yerinə yetirərkən deputat tərəfindən təhqir olunub və zorakılığa məruz qalıb. Nəhayət, deputat öz səlahiyyətlərindən sui-istifadə edib. Üç ciddi qanun pozuntusu var. Bütün bunlar da istintaqın predmetidir.

Cinayət törədən şəxslərin hansısa vəzifəni tutması, yaxud hansısa sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Təəssüf ki, bəzi hallarda hətta müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir, yaxud rüşvət və korrupsiya hallarına yol verirlər. Bu hallara da qətiyyətli mübarizə aparılır və aparılacaq da. Heç bir halda da və əsla qəbul edilə bilməz. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir.