Avstriyanın Baden şəhəri UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edilib


Dünya 26 İyl 2021 22:55:00 93 0

Avstriyanın Baden şəhəri UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edilib

UNESCO-nun müvafiq komissiyası Avstriyanın Baden şəhərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baden şəhəri "Avropanın möhtəşəm kurortları"ndan biri kimi siyahıya daxil edilib.

Qeyd edilməlidir ki, 2012-ci ildə "Avropanın möhtəşəm kurortları" ümumi adı altında Avropanın yeddi ölkəsindən 11 kurort məkanı üçün transmilli seriya halında UNESCO-ya müraciət edilib. Müraciətdə həmin məkanlardakı kurort mədəniyyəti və memarlığının universal dəyərləri spesifik Avropa fenomeni kimi qeyd edilib. 18-ci əsrdə Avropanın müxtəlif regionlarında tarix və ənənəsi qədim Roma dövrünə gedib çatan termal su məkanlarına maraq artdı, termal və mineral su mənbələrində inkişaf edən kurortlar təkcə müalicə və istirahət məkanı kimi deyil, eyni zamanda mədəniyyət mərkəzləri kimi formalaşmağa başladılar. Baden şəhəri də öz otel, teatr, park və qədim şəhər mərkəzini vəhdət şəklində həmin dövrü günümüzə qədər əks etdirir.

Baden şəhəri ilə yanaşı Spa (Belçika), Frantişkovi Lazne, Karlovi Varı, Mrianske Lazne (Çexiya), Vişi (Fransa), Bad Ems, Bad Kissinqen və Baden-Baden (Almaniya) Montekatini Terme (İtaliya) və Bat şəhəri (Böyük Britaniya) də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.