AZPROMOnun nizamnaməsi və strukturu təsdiqləndi


Digərləri 23 İyl 2021 16:36:00 117 0

AZPROMOnun nizamnaməsi və strukturu təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir:

1. "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun Strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun (bundan sonra - Agentlik) nizamnamə fondu 1 milyon manatdır və "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.4-cü yarımbəndində nəzərdə tutulan vəsaitin qalığı hesabına formalaşır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün;

5.2. Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.